Ermənistanda kredit yükü maaşlardan 5 dəfə daha sürətlə artır

2020/03/Untit-1585478517.jpg
Oxunub: 347     09:11     14 Fevral 2026    
“Gözlənilən seçkilər ərəfəsində hakimiyyət növbəti ili yüksək artım göstəriciləri ilə başa vurduğunu qürurla bəyan edərək 2025-ci ildə illik ifadədə qeydə alınmış 9,1 faiz iqtisadi fəallıq artımını uğurun sübutu kimi təqdim etdi. Lakin bu artımın arxasında gizlənən dərin və narahatedici meyillər barədə danışmaqdan yayındı”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Kredit yükü maaşlardan 5 dəfə daha sürətlə artır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistanda iqtisadi artım struktur xarakterli deyil, dayanıqlı deyil və böyük ölçüdə xarici amillərdən asılıdır.

“Ermənistanın iqtisadi fəallığındakı artım əsasən ilin son aylarında sürətləndi və bu, sənayenin kəskin “bərpası” ilə bağlı idi. Son aylarda sənaye yenidən rekord artımlar qeydə almağa başladı. Məhz bu qəfil artım sənayenin eniş mərhələsindən çıxmasına zəmin yaratdı və nəticədə iqtisadi fəallıq üzrə növbəti yüksək artım göstəriciləri formalaşdı. Təsəvvür üçün qeyd edək ki, oktyabr ayında, əvvəlki ilin oktyabrı ilə müqayisədə sənaye artımı demək olar ki, 18 faiz təşkil edib. Noyabrda bu göstərici 32 faizə yaxınlaşıb, dekabrda isə hətta 38 faizi ötüb.

Başqa məsələ isə budur ki, bu artım nəyin hesabına baş verdi?

Uzunmüddətli enişdən sonra sənayedə “bərpa” məhsuldarlığın artımı, yeni istehsal sahələrinin istifadəyə verilməsi, yeni məhsul növlərinin buraxılması, investisiyalar və texnoloji inkişaf hesabına deyil, əvvəlki kimi qızılın təkrar ixracının müvəqqəti aktivləşməsi hesabına baş verdi”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, son aylarda sənaye sahəsində qeydə alınan artımlar ilk baxışdan olduqca təsirli görünə bilər və Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmiləri də bunu məhz belə təqdim etməyə çalışırlar.

“Lakin bu artımlar əsasən emal sənayesinin “əsas metalların istehsalı” alt sahəsində dəfələrlə artımla bağlı olub. Bu isə daha çox qızılın təkrar ixracının artmasının nəticəsidir və göstərir ki, Ermənistan iqtisadiyyatının artım dinamikası hələ də real sənaye güclərinin genişlənməsi və inkişafından deyil, xarici amillərdən asılı olaraq qalır. İqtisadi artım ölkə daxilində yaradılan əlavə dəyərə deyil, xarici bazarların konyunkturasına əsaslandıqda, o, həssas və qeyri-sabit olur.

Qızılın təkrar ixracı həyata keçirilən sənaye siyasətinin uğuru sayıla bilməz. Bu, dayanıqlı iş yerləri yaratmır və ölkə daxilində əlavə dəyərin formalaşmasına demək olar ki, töhfə vermir. Üstəlik, bu proses yalnız beynəlxalq bazarlardan və qiymət dəyişkənliyindən deyil, həm də Ermənistanın nəzarətindən kənarda olan geosiyasi proseslərdən asılıdır. Belə artım necə sürətlə qeydə alınırsa, eyni sürətlə də neytrallaşa bilər. Bu mənbə olmadıqda isə iqtisadiyyat əvvəlki problemlərlə yenidən üz-üzə qalacaq, necə ki, qızılın təkrar ixracı bir müddət demək olar dayanmış və ya minimuma enmişdi.

Hətta bu cür artımların statistik baxımdan iqtisadiyyat üçün əhəmiyyətli olduğunu qəbul etsək belə, ən vacib sual açıq qalır: bu, adi vətəndaşa nə verir? Cavab birmənalıdır: heç nə.

Məhz buna görədir ki, illərdir ölkə iqtisadiyyatı rəqəmlər üzrə və statistik olaraq yüksək templərlə artsa da, adi vətəndaşın həyatında demək olar heç nə dəyişmir. Bu cür artımlardan sonra belə, əhalinin böyük hissəsi üçün həyat daha əlçatan olmur. Qiymətlər yüksək olaraq qalır, xərclər azalmır, gəlirlərin artımı isə bahalaşmanın tempinə çatmır. Çünki iqtisadi fəallığın yüksək göstəriciləri əməkhaqlarının əhəmiyyətli artımına və ya sosial təminatın real yaxşılaşmasına çevrilmir”, - deyə məqalədə qeyd edilib.

Müəllif yazıb ki, ötən il qeydə alınmış 9,1 faiz iqtisadi fəallıq artımı fonunda Ermənistanda orta nominal əməkhaqqı cəmi 5,6 faiz artıb. İnflyasiyanın təsirini çıxsaq, demək olar ki, heç nə qalmır.

“Hələ nəzərə almırıq ki, bu artım kəskin şəkildə qütbləşmiş artımdır və real artım daha aşağıdır.

İnsanların həyat keyfiyyətinin yaxşılaşmasına çevrilməyən iqtisadi artım öz-özlüyündə statistik göstəriciyə çevrilir. Vətəndaş gündəlik xərclər, borclar və gələcəyin qeyri-müəyyənliyi barədə düşünməkdə davam edərkən, bu cür artımlar onun üçün sıfır əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, son illərin yüksək iqtisadi artımı şəraitində vətəndaşların kredit yükü əhəmiyyətli dərəcədə ağırlaşıb. Məişət və gündəlik problemləri həll etmək üçün insanlar kreditlərə müraciət etməyə məcbur qalırlar. Söhbət xüsusilə istehlak kreditlərindən gedir ki, bunlar kredit bazarının ən bahalı məhsulları hesab olunur. Onların faiz dərəcələri 18-20 faizə qədər çatır. Lakin vətəndaşlar çox vaxt məcburiyyətdən və gələcəyə ümid edərək bu borc yükünün altına girirlər, çünki mövcud gəlirləri sosial və məişət problemlərini həll etməyə kifayət etmir.

Nəticədə Ermənistanda artıq çoxdan belə bir vəziyyət formalaşıb ki, vətəndaşların kredit yükü əməkhaqqı şəklində əldə etdikləri gəlirlərdən dəfələrlə daha sürətlə artır. Rəsmi məlumatlara görə, ötən il orta əməkhaqqı 5,6 faiz artdığı halda, təkcə fiziki şəxslərə verilən istehlak kreditləri 29-30 faiz artıb, yəni bu, vətəndaş gəlirlərindən 5-5,5 dəfə daha sürətlə baş verib.

Beləliklə, iqtisadiyyat artır, amma vətəndaşlar kredit hesabına yaşayır. Bunun səbəbi iqtisadi artımın məhdud sahələrdə cəmləşməsi, xarici amillərdən asılı olması və dayanıqlı inkişaf, eləcə də əhalinin gəlirlərinin balanslı artımı üçün zəruri əsasları formalaşdırmamasıdır.

İqtisadi artım vətəndaşların gəlirlərinin sabit artımına və sosial bərabərsizliyin azalmasına çevrilmədikcə, onların üçün heç bir əhəmiyyət daşımır. Belə şəraitdə təqdim olunan rəqəmlər yalnız statistik göstəriciyə çevrilir və insanların boş və ya yarıboş ciblərinə heç nə əlavə etmir”, - deyə KİV vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kredit  


Bizi "telegram"da izləyin