Ordu.az xəbər verir ki, hər iki ölkənin açıqlamasına görə, insidentlər regionda ballistik raketlərin buraxılması ilə əlaqədardır.
Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor Səud Əbdüləziz əl-Oteybi bildirib ki, sübh saatlarında ölkənin hava məkanında iki düşmən ballistik raketi aşkar edilib.
Onun sözlərinə görə, raketlər müəyyən olunmuş əməliyyat prosedurlarına uyğun şəkildə ələ keçirilərək zərərsizləşdirilib. O vurğulayıb ki, hadisə nəticəsində nə maddi ziyan, nə də insan tələfatı qeydə alınıb.
Bəhreyn Daxili İşlər Nazirliyi isə Mühərrək bölgəsində yaşayış binasının zədələndiyini açıqlayıb.
Qurumun məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerində müvafiq xidmətlər işləyir və zəruri tədbirlər görülür.
Hər iki ölkə təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətini qoruduğunu və vətəndaşların, eləcə də infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, ABŞ aviasiyası atəşkəs razılaşmasının növbəti dəfə pozulmasına cavab olaraq İranın raket və pilotsuz uçuş aparatları anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə öz növbəsində gecə saatlarında ballistik raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ ordusunun səkkiz obyektinə, o cümlədən Küveytdəki “Əli əl-Salem” aviabazasına və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının Salman limanındakı obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az