Ordu.az xəbər verir ki, Qas Bilirakis, Nikol Malliotakis, Mayk Haridopolos və Cimmi Patronisin imzaladığı birgə bəyanatda Türkiyəyə mümkün hərbi satışlarla bağlı “dərin narahatlıq” ifadə olunub.
Konqres üzvləri Tramp administrasiyasının ABŞ istehsalı olan F110 döyüş təyyarəsi mühərriklərinin Türkiyəyə satışını irəlilətməyə hazırlaşdığı barədə məlumatların narahatlıq doğurduğunu bildiriblər.
Birgə bəyanatda “Yunan əsilli Konqres üzvləri olaraq Türkiyəyə döyüş təyyarəsi mühərriklərinin satışı ilə bağlı xəbərlərdən dərin narahatıq” ifadəsi yer alıb.
Açıqlamada Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirdiyi siyasətin, Şimali Kiprdəki hərbi mövcudluğunun və İsrailə yönəlmiş bəyanatlarının regional təhlükəsizlik baxımından risk yaratdığı iddia olunub.
Konqresmenlər, həmçinin Türkiyənin HƏMAS ilə əlaqələrinə və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Moskvaya sanksiya tətbiq etməyən yeganə NATO ölkəsi olması barədə iddialara diqqət çəkərək, bunun Ankaranın etibarlı müttəfiq olub-olmaması ilə bağlı suallar yaratdığını bildiriblər.
Dörd Konqres üzvü Tramp administrasiyası və Nümayəndələr Palatasının rəhbərliyi ilə bu məsələni müzakirə etdiklərini bildirərək, Türkiyə CAATSA qanunu çərçivəsində nəzərdə tutulan şərtləri tam yerinə yetirməyənədək F-35 proqramına yenidən qəbul edilməsinə qarşı olduqlarını bir daha vurğulayıblar.
Bəyanatda qeyd olunub ki, “Türkiyə ABŞ qanunlarının bütün tələblərini yerinə yetirmədən F-35 proqramına qaytarılmamalıdır”.
Sevinc Əliyeva
Ordu.az