Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
O qeyd edib ki, 2026-cı il martın 1-dən etibarən Gürcüstanda işləyən əcnəbilər üçün xüsusi iş icazəsi almaq məcburi olacaq. Onların bir sıra peşələr üzrə məşğulluğu da məhdudlaşdırılacaq.
“Martın 1-dən qüvvəyə minəcək qanun Gürcüstanda əcnəbilərin məşğulluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Bu, bizə həm ölkə iqtisadiyyatının, həm də vətəndaşlarımızın maraqlarını lazımi qaydada qorumağa imkan verəcək. Hökumət həmin qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır”, - deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın öz prioritetləri var və ölkə məhz həmin prioritetlərə uyğun hərəkət edəcək.
“Gürcüstanın milli və dini kimliyinin qorunması və saxlanılması ən vacib milli vəzifələrimizdən biridir və hökumət bunun üçün mümkün olan hər şeyi edəcək”, - deyə hökumət başçısı vurğulayıb.
O, həmçinin Miqrasiya Departamentinin qeyri-qanuni miqrantlara qarşı mübarizə fəaliyyətinin gücləndirildiyini bildirib. Hökumət başçısının sözlərinə görə, hazırda Gürcüstanda 20 min qeyri-qanuni miqrant var.
“Departamentin gücləndirilməsi bir neçə il ərzində ölkəni sayı 20 mini ötən qeyri-qanuni miqrantlardan tamamilə azad etməyə imkan verəcək”, - deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, əcnəbilər ölkə əhalisinin ümumi sayının 6,6 faizini təşkil edir. Onların təxminən 70 faizi (180 min nəfər) postsovet ölkələrinin, Avropa İttifaqının, ABŞ-nin və İsrailin vətəndaşlarıdır. Onlardan azı 40 mini Gürcüstanın keçmiş vətəndaşlarıdır və ya gürcü soyadına malikdir.
Kobaxidze bildirib ki, Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizi Türkiyə, 3,7 faizi isə İran vətəndaşlarıdır: “Beləliklə, yayılmış fərziyyələrin əksinə olaraq, bu iki regional ölkənin Gürcüstandakı ümumi payı 0,7 faiz təşkil edir”.
Miqrasiya Departamentinin məlumatına görə, Gürcüstan hakimiyyəti 2025-ci ildə ölkədən 1311 əcnəbini deportasiya edib ki, bu da 2014-2024-cü illər ərzində deportasiya olunmuş əcnəbilərin ümumi sayını üstələyir.
Deportasiya edilənlər arasında ən çox Hindistan vətəndaşları olub. Ötən il Gürcüstandan 269 Hindistan vətəndaşı çıxarılıb. Deportasiya edilənlərin sayına görə ikinci yerdə Türkiyə qərarlaşıb, həmin dövrdə 176 Türkiyə vətəndaşı ölkədən çıxarılıb.
İlk üçlüyü İran tamamlayır. 2025-ci ildə 157 İran vətəndaşı deportasiya edilib.
Qonşu ölkələrə gəldikdə isə, 2025-ci ildə Gürcüstandan 26 Ermənistan və 73 Rusiya vətəndaşı deportasiya olunub.
Alpər Mövludoğlu
Ordu.az