“Bu, ABŞ-nin İlham Əliyevə hədiyyəsidir, lakin həmin hədiyyəni Ermənistan və erməni xalqı verir” - Köçəryan

2026/01/1769691713.jpg
Oxunub: 422     21:53     13 Fevral 2026    
“TRIPP-in (Zəngəzur dəhlizi-red.) tikintisi milyardlarla investisiya tələb etmir, maksimum 100 milyon dollar investisiya kifayətdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan 5-ci kanala müsahibəsində hakimiyyət nümayəndələrinin “Tramp yolu” vasitəsilə 9 milyard dollar investisiya qoyulduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Əgər TRIPP layihə kimi genişlənməsə, Arazdəyənə qədər olan yolu əhatə etməsə və Ermənistan-İran dəmir yolu əlaqəsini təmin etməsə, o zaman bu, yalnız cüzi tranzit olacaq və Ermənistan bundan faydalanmayacaq. TRIPP Ermənistan ərazisində Azərbaycan və Türkiyə üçün nəzərdə tutulmuş ABŞ proqramıdır. Ermənistan bu cüzi tranzitdən belə fayda görməyəcək, çünki yarımçıq tərəfdir. Bu, ABŞ-nin İlham Əliyevə hədiyyəsidir, lakin həmin hədiyyəni Ermənistan və erməni xalqı verir. Anlaşılmazdır ki, mövcud hakimiyyət niyə hər vasitə ilə Ermənistanı asılı vəziyyətə salır. Heç kim Ermənistanın Rusiya ilə alternativ dəmir yolu əlaqəsi imkanından danışmır, İrəvan-Tbilisi-Soçi-Krasnodar-Tuapse-Moskva xətti mövcuddur, sadəcə gürcü-abxaz münaqişəsi səbəbilə işləmir. Bu marşrut Azərbaycan üzərindən keçən yoldan 600-700 kilometr daha qısadır. Bu istiqamət üzrə sərnişin qatarları da işləyə bilər. Bu yol açılan kimi Azərbaycan üzərindən heç kim bir vaqon belə daşımayacaq (guya-red.). Bununla məşğul olmamaq sadəcə cinayətdir. Bərpa üçün çox az vəsait tələb olunur”, - deyə o qeyd edib.

Köçəryan xatırladıb ki, 2003-cü ildə prezidentliyi dövründə həmin dəmir yolunun işə salınması üçün ardıcıl səylər göstərib: “Gürcü tərəfi müsbət reaksiya verdi və dedi ki, əgər abxazları razı sala bilsəniz, biz razıyıq. Mən yaxşı tanıdığım “Abxaziya” (qondarma qurum-red.) “prezidenti” ilə əlaqə saxladım. O artıq xəstə idi, lakin müsbət münasibət var idi. Lakin Saakaşvili hakimiyyətə gəldikdən sonra danışıqlar dayandırıldı. İndi İrəvan-Tbilisi-Soçi-Tuapse-Krasnodar-Moskva dəmir yolunun açılması üzrə danışıqları yenidən canlandırmaq üçün ən doğru zamandır. Ən əlverişli məqamdır. Birincisi, Gürcüstan görür ki, əgər tranzit Azərbaycan vasitəsilə həyata keçirilsə, Ermənistan tranzitinin əhəmiyyətli hissəsini itirəcək. Bu rəqabət mühitində onlar həmin dəmir yolunun açılmasında daha çox maraqlıdırlar. Bu, onların iqtisadi maraqlarına uyğundur. İkincisi, Gürcüstan hazırda Avropa İttifaqına üzvlük prosesindədir və gürcülər açıq şəkildə bildirirdilər ki, avropalılar onları Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə ikinci cəbhə açmağa təşviq edirdilər. Onlar bunu rədd etdilər və müəyyən təzyiqlərlə üzləşdilər. Bu, çox real istiqamətdir.

Bu layihə hamı, həm Rusiya, həm də Türkiyə üçün sərfəlidir, çünki Türkiyə Rusiya ilə daha qısa dəmir yolu əlaqəsi əldə edəcək. Ermənistan üçün isə bu, demək olar ki, arzu kimi bir məsələdir. Tam real proqramdır və bununla məşğul olmaq lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin