Xarici KİV-lər: Ermənistan “Harop”un erməni analoqunu hazırlayıb

2026/02/1770997271.jpg
Oxunub: 1993     19:37     13 Fevral 2026    
Ermənistan İsrailin “Harop” modelinə bənzər kamikadze Pilotsuz Uçuş Aparatının (PUA) öz versiyasını təqdim etdiyinə görə Azərbaycan narazıdır. Belə strateji silaha Ermənistanın sahib olması Azərbaycanın təhlükəsizliyi üçün birbaşa təhdid hesab olunur.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri yazıb.

“İsrail çətin vəziyyətə düşüb. Ermənistan “Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanmış kamikadze PUA-sının (“gəzən sursat”, “loitering munition”) öz versiyasını təqdim edib və bununla da ən yaxın müsəlman müttəfiqi Azərbaycanı qəzəbləndirib”, - deyə nəşr qeyd edib.

225 düyün sürət və yüksək dəqiqlik

“Harop” kamikadze PUA-sıdır və təsirli göstəricilərə malikdir: 200 km uçuş məsafəsi, 9 saata qədər havada qalma müddəti və 15 min fut yüksəklikdə maksimal 225 düyün sürət (1 düyün = 1,852 km/saat = 0,514 m/saniyə). PUA təxminən 16 kq partlayıcı maddə daşıyır, yüksək dəqiqliyi ilə seçilir və həm şaquli, həm də üfüqi bucaqlardan zərbə endirə bilir.

2020-ci ildə Qarabağda baş vermiş ikinci müharibə zamanı “Harop” Azərbaycanın Ermənistan üzərində qələbəsinin simvollarından birinə çevrilib. Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev PUA ilə nümayişkaranə şəkildə şəkil çəkdirib və bu PUA qələbənin rəmzinə çevrilib.

“Globes” İsrailin müdafiə sənayesindəki rəsmi mənbəyə istinadən yazır ki,PUA-nın istehsal texnologiyası Ermənistana Hindistandan keçmiş ola bilər.

“İsrail texnologiyalarının ixracı?”

Hindistanla əməkdaşlığın əsas çətinliyi Baş nazir Narendra Modinin “Make in India” siyasətindən irəli gəlir. Bu siyasət xarici şirkətlərdən istehsal xətlərini və texnoloji təcrübəni Hindistana ötürməyi tələb edir. Beləliklə, Hindistan tədricən idxalçıdan silahın müstəqil ixracatçısına çevrilir və bəzi hallarda İsrailin maraqları ilə rəqabət aparır. Ermənistanla bağlı vəziyyət buna nümunə kimi göstərilir.

“Harop” Hindistan ordusunun silahlanmasındadır. 2025-ci il mayında Hindistan qüvvələri əməliyyat zamanı İsrail istehsalı olan PUA-dan Pakistana qarşı istifadə edib. 2025-ci il oktyabrında isə Ermənistanın “Davaro” şirkəti “Harop”un demək olar ki, tam surəti olan “Dragonfly 3” kamikadze PUA-sını təqdim edib.

Ötən həftə Nyu Dehlidən gələn nümayəndə heyətinin yeni PUA-nı yoxlamaq üçün Ermənistana səfəri Hindistanla əlaqəni daha da aydın göstərib. “Dragonfly 3”ün qanad açılımı 3 metr, maksimal uçuş çəkisi 42 kq, faydalı yükü isə 5 kq-dır. “Davaro” şirkətinin məlumatına görə, PUA bir saata qədər havada qala, 126 km/saat sürətlə uça və 120 km-ə qədər məsafədə fəaliyyət göstərə bilər.

İsrailin müdafiə sənayesinin nümayəndəsi “Globes”ə bildirib ki, onun fikrincə, texnoloji təcrübə Ermənistana Hindistan vasitəsilə çatıb. Eyni zamanda, nəşr qeyd edir ki, Azərbaycan vəziyyətdən ciddi narazıdır və Ermənistanın belə strateji vasitəyə sahib olması onun təhlükəsizliyi üçün birbaşa təhdid sayılır.

Öz növbəsində, “The Jerusalem Post” qəzeti iddia edir ki, Ermənistan PUA-sı İsrail ilə Azərbaycan arasındakı münasibətlərdə parçalanmaya səbəb olmayıb.

“İsrail mediasında Azərbaycanın IAI “Harop” modelinə bənzər erməni kamikadze PUA-sına görə İsraildən dərin narazı olduğu barədə yayılan məlumatlar regional ekspertlər və rəsmilər tərəfindən şübhə altına alınıb. Onlar mənbənin etibarlılığını sual altına qoyur və xəbərdarlıq edirlər ki, bu cür nəşrlər İsrailin ən mühüm strateji tərəfdaşlıqlarından birini uzaqlaşdırmaq istəyən qüvvələr üçün faydalı ola bilər.

“Globes” məqaləsində müdafiə sənayesindən anonim mənbəyə istinad edib. Həmin mənbə oktyabrda “Davaro” tərəfindən təqdim edilən “Dragonfly 3” PUA-sının texnoloji biliklərinin, ehtimal ki, Hindistan vasitəsilə İrəvana çatdığını bildirib. Hindistanda “Harop” Narendra Modinin “Make in India” proqramı çərçivəsində istifadə olunur və bu proqram texnologiya transferini nəzərdə tutur.

“Israel Aerospace Industries” tərəfindən istehsal edilən “Harop” 2020-ci ildə Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən geniş istifadə olunub və bir sıra ölkələrin, o cümlədən Hindistanın silahlanmasındadır. Hindistan yaxın vaxtlarda onun regional münaqişələrdə döyüş tətbiqi barədə məlumat yayıb.

“Ekspertlər qeyd edirlər ki, hətta Hindistan belə texnologiyanı ötürübsə belə, Azərbaycan şübhəsiz anlayır ki, bu, İsrail tərəfindən qəsdən atılmış addım deyil”, - deyə “The Jerusalem Post” yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Harop  


Bizi "telegram"da izləyin