Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri yazıb.
“Al Monitor”un jurnalisti Ezgi Akının məlumatına görə, vəziyyətlə tanış olan iki ticarət mənbəsi Ankara ilə İrəvanın birbaşa quru ticarətinə başlamaq barədə razılaşdıqlarını bildirib.
Bu addım Ankaranın Cənubi Qafqazda ABŞ-nin rəhbərlik etdiyi regional sülh təşəbbüsləri çərçivəsində İrəvanla münasibətləri normallaşdırmaq istiqamətində səylərini intensivləşdirdiyi bir dövrdə atılır. Türkiyə və Ermənistan arasında rəsmi diplomatik münasibətlər yoxdur, ümumi sərhəd isə 1993-cü ildən bağlıdır. Bununla belə, nəşrin qeyd etdiyinə görə, 2022-ci ildə tərəflər sərhədin açılması və diplomatik əlaqələrin qurulması məqsədilə normallaşma danışıqlarına başlayıblar.
Normallaşma prosesi çərçivəsində Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan sentyabr ayında Ermənistanda münasibətlərin tənzimlənməsinə həsr olunmuş altıncı görüşlərini keçiriblər. Mənbələrdən birinin sözlərinə görə, həmin görüşlərdən sonra Kılıç noyabr ayında Türkiyənin Ticarət və Sənaye Palataları və Əmtəə Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu ilə yeni razılaşmanın texniki detalları barədə danışıqlar aparıb.
“Qərar bir müddət əvvəl qəbul olunmuşdu və texniki işlər artıq davam edirdi”, - deyə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurasının İcra Şurası sədrinin müavini Noyan Soyak bildirib.
İndiyədək iki ölkə arasında quru ticarəti Gürcüstanda vasitəçi şirkətlər vasitəsilə, yarım təkrar ixrac razılaşmaları əsasında həyata keçirilirdi. Ermənistana göndərilən Türkiyə malları Gürcüstana daxil olarkən rəsmi olaraq ayrıca ixrac kimi yenidən təsnif edilirdi. Yeni razılaşmaya əsasən, Gürcüstan ərazisindən tranzit daşımalar artıq “təkrar ixrac” hesab olunmayacaq, mallar bütün tranzit müddəti ərzində ilkin ixrac statusunu qoruyub saxlayacaq. Beləliklə, gürcü vasitəçilər cəlb olunmadan və bağlı quru sərhəd açılmadan birbaşa ikitərəfli ticarət mümkün olacaq.
Sahə üzrə mənbə bildirib ki, Gürcüstan ərazisi ilə quru ticarəti artıq mümkün olub, lakin şirkətlərin fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırması üçün vaxt tələb olunur. Həmçinin qeyd olunub ki, 2022-ci ildə Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması çərçivəsində hava nəqliyyatı vasitəsilə birbaşa yük daşımalarına başlayıblar.
Ermənistanın Statistika Komitəsinin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət 2024-cü ildə 336 milyon ABŞ dollarını ötüb. Türkiyədən Ermənistana idxal təxminən 335 milyon ABŞ dolları təşkil edib və bunun təxminən 40 faizi Gürcüstan vasitəsilə quru yolu ilə çatdırılıb. Bu isə o deməkdir ki, yeni birbaşa tranzit razılaşması əsasən Türkiyə tacirləri üçün faydalı olacaq.
Türkiyədən Ermənistana ixracın əsas hissəsini maşınlar və mexaniki avadanlıqlar, dəmir və polad məmulatları, digər sənaye məhsulları və tekstil təşkil edir. 2025-ci ilin rəsmi məlumatları hələ açıqlanmasa da, Soyak ümumi ticarət dövriyyəsinin təxminən 400 milyon ABŞ dollarına çata biləcəyini qiymətləndirir. Təkrar ixrac mexanizminin ləğvi Türkiyə şirkətlərinin üzərinə düşən əlavə 10-15 faiz yükü aradan qaldıracaq.
Alpər Mövludoğlu
Ordu.az