Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqəsinin bərpası gündəmdə deyil

2025/04/1745480137.jpg
Oxunub: 336     16:13     13 Fevral 2026    
Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı yayılan məlumatları təkzib edib.

Ordu.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Rusiya ilə dəmir yolu əlaqəsinin, o cümlədən Abxaziya ərazisindən keçən marşrutun bərpası ilə bağlı heç bir müzakirə aparılmır və bu mövzunun gündəmə gətirilməsinin səbəbi onlara məlum deyil.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya mediasına verdiyi açıqlamada Qafqazda zədələnmiş nəqliyyat marşrutlarının, o cümlədən Rusiya ilə Gürcüstan arasında Abxaziya üzərindən dəmir yolu xəttinin bərpası imkanları üzərində iş aparıldığını bildirmişdi.

Gürcüstan Dəmir Yolları isə bu bəyanata cavab olaraq vurğulayıb: "Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı heç bir söhbət getmir. Bu səbəbdən məsələnin niyə gündəmə gətirildiyi bizim üçün tam aydın deyil".

Qeyd edək ki, Abxaziya üzərindən keçən dəmir yolu marşrutu Gürcüstanın ərazi bütövlüyü və Rusiya-Gürcüstan münasibətlərində mövcud siyasi gərginlik fonunda xüsusi həssaslıq daşıyan mövzu hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin