Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.
“Nə deyim. Əvvəla, ona belə bir “zəmanət” heç kim verməyib. Bu, onun təxəyyülünün məhsuludur.
Amma Paşinyanın nə başa düşməsindən asılı olmayaraq, bu bəyanat Ermənistanın acınacaqlı və yazıq vəziyyətinin sübutudur ki, bizi bu hakimiyyət həmin vəziyyətə salıb. Bu bəyanat həm də gecə-gündüz sülh və suverenlikdən danışan Paşinyanın real düşüncələrini ifşa edir: onun şüuraltısı qəbul edir və ondan asılı olmayaraq açıq şəkildə bəyan edir ki, əslində onlar Ermənistanı elə bir vəziyyətə gətiriblər ki, hətta Ermənistanın müstəqil dövlət kimi mövcudluğu belə sual altındadır. Hansısa üçüncü tərəf “deməlidir” ki, Ermənistan müəyyən müddət mövcud ola bilər”, - deyə o qeyd edib.
Oskanyan sual verib ki, bu, yazıq vəziyyət deyilsə, nədir?
“Ermənistanın müstəqilliyinin 30 ili ərzində, əvvəl aktiv, sonra isə dondurulmuş münaqişə şəraitində Ermənistanın müstəqil dövlət kimi mövcudluğu məsələsi heç vaxt müzakirə, şübhə və ya alver predmeti olmayıb. Yalnız “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “status” müzakirə olunub.
Ermənistanın mövcudluq hüququ qarşılığında Zəngəzur dəhlizinin başqalarına verilməsi alternativi Paşinyanın gətirdiyi “sülh” nəticəsində gündəmə gəlib. Üstəlik, həmin mövcudluq hüququ da müddətlidir. Və bu, nailiyyət kimi təqdim olunur. Deməli, daha pis də ola bilərdi, məsələn, 50 illik mövcudluq vədi qarşılığında Zəngəzur dəhlizini güzəştə gedə bilərdik. Yaxud bəlkə ölkəmizin “mövcudluq imkanına” daha 20 il əlavə olunsun deyə Tavusdan da bir hissə güzəşt edək”, - deyə Ermənistanın sabiq XİN rəhbəri bildirib.
Oskanyan yazıb ki, diplomatik və siyasi fiaskolar artıq təəccübləndirmir.
“Səmimi şəkildə təəccübləndirən isə budur ki, açıq şəkildə etiraf olunur: əslində sülh yoxdur, Ermənistanın mövcud olmaması təhlükəsi var.
Və bu, realda heç bir üçüncü tərəfin vermədiyi vəddən asılı olmayaraq, bu hakimiyyət getmədiyi təqdirdə çox hiss olunan təhlükədir. O qədər hiss olunandır ki, hətta özləri də bunu etiraf edirlər”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az