Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan jurnalistin Ermənistanın yeni atom elektrik stansiyasının tikintisində kimə üstünlük verdiyi barədə sualına cavab verərkən deyib.
“Biz ABŞ-dən, Rusiya Federasiyasından, Koreyadan, həmçinin Çindən və Fransadan aldığımız bütün təklifləri araşdırırıq. Qərarı çoxsaylı amilləri nəzərə alaraq qəbul edəcəyik”, - deyə o qeyd edib.
Mütəxəssislərin modul atom elektrik stansiyalarının sınaqdan keçirilmədiyi və təhlükəsiz olmadığı barədə fikirlərinə münasibət bildirən Xudatyan deyib: “Mən hesab edirəm ki, müasir dünyada təhlükəli atom elektrik stansiyaları yoxdur. Xüsusilə həmin ölkələr öz ərazilərində atom stansiyaları tikib yerləşdirirlərsə, təhlükəsizlik məsələsi gündəmdə deyil. Niyə modul? Çünki bu, enerji sistemimizi idarə etmək üçün əlavə çeviklik verir.
Ötən il günəş elektrik stansiyalarının həcminin əhəmiyyətli dərəcədə artması nəticəsində biz tez-tez əsas güclərimizi, o cümlədən “Metsamor” atom elektrik stansiyasını istehsal gücündən xeyli aşağı səviyyədə enerji sistemində saxlamağa məcbur olmuşuq. Modul atom elektrik stansiyası idarəetmə prosesində daha çevik olmağa imkan verir ki, bu da həm təhlükəsizlik məsələsidir, həm də enerji sistemində sabitliyin təmin edilməsidir. Modul stansiya seçmək ideyamızın əsasında məhz bu dayanır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az