Erməni ekspert: “Daha əvvəl “Su-30” qırıcılarından tutmuş “Osa-AK” sistemlərinə qədər qeyri-kompetent satınalmaların acı nəticələrini görmüşük”

2026/02/1770965936.jpg
Oxunub: 385     15:57     13 Fevral 2026    
“168.am” yazmışdı ki, Azərbaycan Slovakiya ilə SAM-120 avtomatik minaatanlarının tədarükünü nəzərdə tutan 210 milyonluq sövdələşmə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, eyni zamanda Bakının İsveç istehsalı olan JAS 39 “Gripen” E/F çoxfunksiyalı qırıcılarını almaq istədiyi barədə məlumatlar yayılıb. Bu sövdələşmə təxminən 6,5 milyard dollar dəyərində qiymətləndirilir.

“Əlbəttə, Azərbaycanın bu niyyətinin nə vaxtsa real müqaviləyə çevrilib-çevrilməyəcəyi hələ bəlli deyil. Sonuncu halda bir incə məqam var: “Gripen” qırıcıları ABŞ-nin “General Electric” F414G mühərriki ilə təchiz olunduğundan, onların satışı üçün ABŞ-nin ixrac icazəsi mütləqdir. Yəni bu məsələ Azərbaycan-İsveç danışıqları çərçivəsindən çıxaraq üçtərəfli razılaşma obyektinə çevrilir”, - deyə KİV vurğulayıb.

Ermənistanın “Henaket” analitik mərkəzinin təsisçisi, erməni ekspert Vitali Manqasaryan nəşrə açıqlamasında dyeib ki, Azərbaycan müxtəlif satınalmalarla ilk növbədə orta və xüsusilə uzunmüddətli perspektivdə öz silahlı qüvvələrinin imkanlarını artırmağa çalışır.

“Bəzi məlumatlara görə, SAM-120 avtomatik minaatanlarının tədarükü 96 vahiddən başlayaraq 300-ə qədər çatdırıla bilər. Eyni zamanda, Bakı ümumi dəyəri 6,5 milyard dollar olan 48-ə qədər JAS 39 “Gripen” E/F qırıcısının alınmasında maraqlıdır.

Digər bir amil silah bazarındakı yüksək qiymətlərdir ki, Azərbaycan burada optimal qiymət-keyfiyyət nisbətini axtarır. Həmçinin tədarükçülərin diversifikasiyası da mühüm məqamdır. Azərbaycan ənənəvi olaraq Rusiya və İsrail silahlarından asılı olub, lakin son illərdə Ukrayna müharibəsinin nəticələrini və Rusiya silahlarının etibarlılıq problemlərini nəzərə alaraq, Moskvadan asılılığı azaltmaq üçün Slovakiya və İsveç kimi Avropa mənbələrinə yönəlir”, - deyə o qeyd edib.

Manqasaryan deyib ki, ABŞ-nin regiona yönəlmiş son müdafiə təşəbbüsləri ilk baxışda balanslı addımlar kimi görünə bilər.

“Lakin mahiyyət etibarilə bunlar fərqli hərbi-siyasi məqsədlərə xidmət edir. V-BAT tipli kəşfiyyat pilotsuz uçuş aparatları Ermənistan üçün nəzəri olaraq dəyər yarada bilər, bir şərtlə ki, onlar idarəetmə sisteminə düzgün inteqrasiya edilsin və kadrlar hazırlansın. Biz daha əvvəl “Su-30” qırıcılarından tutmuş “Osa-AK” sistemlərinə qədər qeyri-kompetent satınalmaların acı nəticələrini görmüşük. Ümid etmək istəyirəm ki, bu dəfə imkanlardan səmərəli istifadə olunacaq, sadəcə növbəti fotolar çəkdirməklə məhdudlaşmayacaqlar.

Azərbaycanın vəziyyəti isə fərqlidir. Döyüş katerlərinin tədarükü rəsmən ərazi sularının müdafiəsi kimi təqdim olunsa da, regional kontekstdə bu, daha geniş məna kəsb edir. Xəzər dənizi İran, Rusiya və Mərkəzi Asiya arasında mühüm qovşaqdır. ABŞ tərəfindən Azərbaycanın dəniz imkanlarının gücləndirilməsi faktiki olaraq bir mərhələdə İrana qarşı kəşfiyyat və nəzarət ssenarilərində istifadə oluna biləcək texniki platforma yaradır”, - deyə o iddia edib.

Erməni ekspert “Hindistan Müdafiə Qərargah rəisi general Anil Çauhanın Ermənistana səfəri fonunda Müdafiə Nazirliyi bəzi silah nümunələrini nümayiş etdirdi. Bu nümayişdən hansı nəticələri çıxardınız?” sualına belə cavab verib:

“Silahların nümayişi ictimai diqqəti cəlb etdi. Nəhayət arsenalda nələrin olduğunu göstərən gözəl fotolar gördük. Lakin bu nümunələrin bir çoxu 7-8 il əvvəl layihələndirilib, yəni bunlar qəfil sıçrayış deyil. Silahın real dəyəri onun qoşunlara sürətli inteqrasiyası ilə ölçülür. Təlim və taktiki uyğunlaşma olmadan ən müasir sistem belə metal yığınına çevrilir. Bu inteqrasiyanın ən yaxşı yolu genişmiqyaslı hərbi təlimlərdir. 2020-ci ildə və ondan sonrakı reallıqlarda erməni tərəfinin külli miqdarda silah itirərək onları rəqibə bəxşiş etdiyini nəzərə alsaq, bu gün bəzi satınalmaları unikal kimi təqdim etmək özü-özlüyündə qəribə bir yanaşmadır”.

Manqasaryan bildirib ki, İran ətrafındakı hərbi-siyasi vəziyyət gərgin və çoxtəbəqəli olaraq qalır: “ABŞ-nin regionda hərbi fəallığını artırması və İsrailin İran istiqamətində sərt addımlar üçün “yaşıl işıq” gözləməsi vəziyyəti təhlükəli həddə çatdırır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manqasaryan  


Bizi "telegram"da izləyin