Rus KİV-i: Birləşmiş Ştatlar bütün Cənubi Qafqazın nəqliyyat konfiqurasiyasının memarına çevrilir

2026/02/1770965669.jpg
Oxunub: 411     17:13     13 Fevral 2026    
Yanvarın ortalarında Ermənistan Xarici İşlər Nazirliyi ABŞ ilə “TRIPP Development” şirkətinin yaradılmasını nəzərdə tutan çərçivə sazişi barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News.rambler.ru” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu şirkət 49 illik müqavilə (müddəti uzatmaq hüququ ilə) əsasında dəhlizin inkişafına cavabdeh olacaq.

Politoloq və “Digoria Expert Club”ın üzvü Mixail Varşavski “Svobodnaya Pressa”ya verdiyi müsahibədə qeyd edib ki, bu inkişaf Vaşinqtonun siyasi bəyanatlardan bu əsas arteriyanın praktiki layihələndirilməsinə keçməsi deməkdir. Faktiki olaraq, Birləşmiş Ştatlar “texniki məsləhətçi” pərdəsi altında bütün Cənubi Qafqazın nəqliyyat konfiqurasiyasının memarına çevrilir.

Varşavski izah edi: “TRIPP Development” idarəedici şirkətinin səhmlərinin 74%-nə nəzarət etməklə və bütün texniki parametrləri (istiqamətdən tutmuş ötürücülük qabiliyyətinə qədər) müəyyənləşdirməklə, ABŞ həm Rusiya, həm də İran marşrutlarına alternativ yaradır və Mərkəzi Asiya ilə Avropa arasındakı tranzit axınları üzərində uzunmüddətli rıçaqlar əldə edir”.

Varşavski hesab edir ki, bu layihə Ermənistan üçün ikitərəfli kəsərli qılıncdır. Bir tərəfdən İrəvan investisiyalar, infrastrukturun müasirləşdirilməsi və tranzit qovşağı statusu vədləri alır, digər tərəfdən isə öz ərazisinin bir hissəsi üzərində strateji nəzarəti könüllü olaraq xarici idarəetməyə güzəştə gedir ki, bu da milli suverenlik baxımından görünməmiş bir addımdır.

“ABŞ vitse-prezidenti Vensin Ermənistana səfəri Ağ Ev tərəfindən bu layihəyə himayədarlığın rəmzi təsdiqidir və ictimaiyyətin diqqətini daxili problemlərdən yayındıraraq “çiçəklənən tranzit gələcəyi” mənzərəsinə yönəltməyə xidmət edir. Beləliklə, TRIPP layihəsi logistika və sosial-iqtisadi faydaların siyasət üçün bir örtük rolu oynadığı bir layihədir. Bu, təsir nöqtəsini daimiləşdirən ABŞ-yə xeyir verir, quru dəhlizi əldə edən Azərbaycana xeyir verir və hakimiyyət sütunu kimi Nikol Paşinyan rejimi üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu, Ermənistan üçün uzunmüddətli nəticələrə malikdir: bu, suverenliyin qismən itirilməsi və Azərbaycan qarşısında sistemli güzəştlər deməkdir”, - deyə Varşavski vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin