Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin deyib.
Onun sözlərinə görə, əsas nəticə ondan ibarətdir ki, Rusiya regiondan “yoxa çıxmır”, lakin ənənəvi inhisarını, iqtisadi və hərbi üstünlüyünü itirir.
Xramçixin qeyd edib ki, bunun başlıca səbəbi Ukrayna müharibəsi və bunun nəticəsində resursların həddindən artıq yüklənməsidir.
Bundan əlavə, onun fikrincə, İrəvan və Bakı xarici siyasətdə ənənəvi istiqamətlərini dəyişərək Qərblə əməkdaşlığı daha da dərinləşdiriblər. Xramçixinin qənaətinə görə, bu da regionda formalaşan mövcud mənzərəyə ciddi təsir göstərib.
“Cənubi Qafqazda rəqabət mərhələsi hələ başa çatmayıb. Rusiya hələ də hərbi mövcudluğa, enerji və ticarət-iqtisadi təsirə malikdir, lakin artıq təhlükəsizlik təminatçısı və ya tədarükçüsü deyil. Burada sual yaranır: Moskva buna qarşıdır, yoxsa yox? Bu məsələ Rusiyanın ekspert dairələrində də geniş müzakirə olunur. Bununla belə, Vaşinqtonun Cənubi Qafqazda fəal iştirakı uzunmüddətli struktur mövcudluğa çevrilmək meyli göstərir. Lakin bu, qısamüddətli də ola bilər, çünki Tramp administrasiyası əbədi olaraq hakimiyyətdə qalmayacaq. Zaman keçdikcə bir çox proseslər dəyişə bilər.
Qərb regionu Avrasiya enerji və logistika zəncirlərində strateji qovşaq kimi qiymətləndirir. Eyni zamanda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və nəqliyyat TRIPP proqramı Rusiyanı, İranı və Çini kənardan keçən yeni şərq-qərb iqtisadi oxunun formalaşdırılmasına imkan yaradır”, - deyə Xramçixin bildirib.
O qeyd edib ki, böyük ehtimalla yaxın perspektivdə region çoxqütblü rəqabət mərhələsinə daxil olacaq.
Xramçixinin sözlərinə görə, Rusiya müəyyən hərbi və enerji rıçaqlarını saxlayacaq, lakin inhisarçı rolunu itirəcək. Bununla yanaşı, o qeyd edib ki, qlobal sistem təsir dairələrinin yenidən bölüşdürülməsi istiqamətində hərəkət edir.
“Eyni zamanda ABŞ-nin sülh prosesini və infrastruktur layihələrini silah satışları və enerji əməkdaşlığı ilə əlaqələndirməsi regionda yeni iqtisadi asılılıq sistemi yarada bilər. Əgər uzunmüddətli proqnoz verməyə çalışsaq, Cənubi Qafqaz tranzit qovşağa çevrilə bilər. Lakin bu ssenari bir sıra amillərdən, Ermənistan-Azərbaycan sülh prosesinin gələcək inkişafından, eləcə də geosiyasi dəyişikliklərdən asılıdır”, - deyə Xramçixin bildirib.
Onun fikrincə, Rusiya-ABŞ, Rusiya-Qərb və ABŞ-Çin münasibətlərində baş verəcək proseslər də az əhəmiyyət kəsb etmir.
“Nəticə etibarilə, bir çox məsələlər qlobal danışıqlar mərhələlərindən keçir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az