Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən mətbuat konfransında TRIPP-in (Zəngəzur dəhlizi-red.) Ermənistanın təhlükəsizliyi üçün ən böyük təhdid olacağını deməklə nəyi nəzərdə tutduğunu izah edərkən deyib.
Onun sözlərinə görə, söhbət ondan gedir ki, coğrafiya problem yox, üstünlük olmalıdır.
“Ən çətin şəraitdə sənin yanında olan qonşu ölkəyə qarşı etimadsızlıq mühitinin formalaşdırılması çox ağır başa gələcək. Bu gün elə addımlar atmaq olmaz ki, İranla münasibətlərdə etimadsızlıq yaransın. Bunu deməyə haqqım var, çünki xatırlayıram: biz qaz kəməri tikəndə ABŞ-dən bizə mane olmağa çalışırdılar. Amma oturub danışıqlar apardıq, layihə çəkdik, hesablamalar etdik və razılaşdıq. Hətta o vaxt üç ölkənin birgə bu qaz kəmərini yaratmasını da təklif etmişdim. Əvvəl “fikirləşərik” dedilər, sonra isə layihədə iştirak edə bilməyəcəklərini bildirdilər, amma narahatlıqlarımızı başa düşdüklərini və problem yaratmayacaqlarını söylədilər. ABŞ ilə hər hansı layihə üzrə oturub danışmaq mümkündür, amma bunu heç kim etməyib. Nikol Paşinyan Tramp ilə şəkil çəkdirdiyinə sevinib, ona seçkilər üçün şəkil lazım idi. Danışıqlar üçün vaxt lazımdır, avqustun 8-də yox, sentyabrın 8-də imzalaya bilərdilər. Bu adamın səbri yoxdur ki, oturub işləsinlər və normal variant tapsınlar”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az