Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
“Bu, real təklifdir və onu seçkiqabağı proqramımıza daxil edəcəyik. Hakim üçün ən vacib məqam onun müstəqilliyidir”, - deyə o bildirib.
Katolikos ilə ziddiyyətlərinin olub-olmaması və başqa bir şəxsin katolikos olmasını istəyib-istəməməsi ilə bağlı suala cavab verən Köçəryan deyib: “Prezidentliyim dövründə katolikosla mütəmadi görüşmüşük. Kimisə dəyişmək, hansısa proseslərə qarışmaq kimi hallar olmayıb. Əksinə, əgər kimsə mənə desəydi ki, bir vaxt gələcək və biz bu mənzərəni görəcəyik, deyərdim ki, sualı verən adam ruhi xəstədir.
Mənim dövrümdə Ermənistanda ən genişmiqyaslı kilsə tikintisi aparılıb. Mütəmadi müzakirələrimiz olub, amma heç vaxt qarşılıqlı etimadsızlıq yarada biləcək müzakirə olmayıb. Əksinə, həmişə deyirdim ki, nə lazımdır, nə ilə kömək edə bilərəm. Deyirdim ki, yeni kilsələrin tikilməsi yaxşıdır, amma tarixi kilsələrimizə bir az da çox diqqət yetirin.
Regionumuzda kiçik bir ölkə üçün milli kimlik dövlətçiliyi möhkəm saxlayan sement rolunu oynayır. Əgər dövlətçiliyin dağılmasını istəyirsənsə, bu kimliyi zəiflət. Bu, aksiomatik yanaşmadır və mən kilsə ilə başqa cür münasibət qura bilməzdim. Heç bir ziddiyyət olmayıb”.
Alpər Mövludoğlu
Ordu.az