Sabiq erməni prezident: “Daxili siyasi baxımdan unikal vəziyyət var, iri seçkiöncəsi blokların formalaşdırılması mümkündür”

2025/12/1765016011.jpg
Oxunub: 408     11:50     29 Yanvar 2026    
“Daxili siyasi baxımdan unikal vəziyyətimiz var. Ermənistan tarixində elə bir seçki xatırlamıram ki, seçkiöncəsi mübarizə zamanı “Ağrı, yoxsa Alagöz” kimi suallar ümumiyyətlə gündəmə gəlsin”.

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, heç vaxt milli kimliyin qorunması, kilsənin birliyinin müdafiəsi mövzuları bu səviyyədə müzakirə olunmayıb.

“Vəziyyət doğrudan da unikaldır. Müxalifət düşərgəsində insanların müsahibələrinə baxanda görürsən ki, fundamental məsələlər üzrə müxtəlif qütblərdə dayanan, fərqli baxışlara malik insanların nitqi demək olar ki, eynidir. Bu isə əməkdaşlıq üçün kifayət qədər ciddi zəminin olduğunu, həmçinin tezislərin sinxronlaşdırılması və media ilə iş baxımından imkanların mövcudluğunu göstərir. Bu, istisna vəziyyətdir və iri seçkiöncəsi blokların formalaşdırılmasının mümkünlüyünə daha çox nikbinlik yaradır”, - deyə o bildirib.

Köçəryan beynəlxalq və daxili siyasi vəziyyətlər arasında paralellər apararaq qeyd edib: “Bu gün nə görürük? Elə bir unikal geosiyasi vəziyyət var ki, burada artıq hüququn gücü yox, gücün hüququ ön plana çıxır və güc hər şeyi legitimləşdirir. Digər tərəfdən isə daxili siyasi baxımdan da unikal vəziyyət mövcuddur. Bu iki unikal vəziyyətdən biri qismən hakimiyyətin, digəri isə açıq şəkildə müxalifətin xeyrinə işləyir. Nəticənin nə olacağını seçkilər göstərəcək. Amma bu gün hamı məhz həmin hadisəyə hazırlaşır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin