“Ermənistan böyük güclərin maraqlarının toqquşduğu nöqtələrdə yer almamaq üçün hər şeyi etməlidir” - Köçəryan

2025/11/1762715932.jpg
Oxunub: 522     11:47     29 Yanvar 2026    
“Hazırda son dərəcə maraqlı proseslər gedir, köhnə dünya nizamı dağılıb, yenisi formalaşır. Ən maraqlısı isə odur ki, ABŞ özü formalaşdırdığı dünya nizamını yenə özü sökür”.

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Onun sözlrinə görə, bu, ABŞ-nin yeni təhlükəsizlik konsepsiyasında açıq şəkildə əksini tapıb və çox maraqlı sənəddir.

“Birincisi, ABŞ artıq dünyanın çoxqütblü olduğunu qəbul edir və ideoloji hegemoniyadan imtina etdiyini bildirir. Maraqlı məqamlardan biri də budur ki, əsas rəqib kimi bu gün Çin göstərilir. Digər mühüm məqam isə Rusiyayla konstruktiv və praqmatik münasibətlər qurmağa hazır olduqlarını və bunun mümkünlüyünü görmələridir. Avropa ilə bağlı qiymətləndirmə isə avropalılar üçün alçaldıcıdır, mahiyyət etibarilə Avropanın tənəzzülə uğradığını göstərir. Bu söz işlədilmir, amma ümumi təsvir məhz bunu ifadə edir.

Bizim üçün və ümumiyyətlə Cənubi Qafqaz baxımından daha bir maraqlı məqam ondan ibarətdir ki, sənəddə bu regionla bağlı ümumiyyətlə heç bir qeyd yoxdur. Bu isə o deməkdir ki, ABŞ-nin burada nə iqtisadi, nə də təhlükəsizlik baxımından fundamental maraqları yoxdur.

Digər tərəfdən, ABŞ prezidenti bildirir ki, onu beynəlxalq hüquq maraqlandırmır, onu yalnız öz mənəviyyatı və dünya haqqında təsəvvürü məhdudlaşdırır. Onun təhlükəsizlik məsələləri üzrə baş müşaviri Miller deyir ki, biz supergücük və bu cür də davranırıq”, - deyə o qeyd edib.

Köçəryanın qiymətləndirməsinə görə, növbəti məqam isə odur ki, nəzakət artıq beynəlxalq münasibətlərdə keçmişdə qalıb.

“İndi bu iki məqamı necə uzlaşdırmaq olar? Bir tərəfdən dünya çoxqütblüdür, digər tərəfdən isə birtərəfli təzyiq siyasəti aparılır. İlk baxışdan belə görünür ki, çoxqütblü dünya beynəlxalq hüquqa daha çox diqqət yetirməyi tələb etməlidir, çünki imkanları səninlə müqayisə edilə bilən rəqiblər var və bu, ciddi problemlərə gətirib çıxara bilər.

Bu halda ya böyük müharibə olmalıdır, ya da dünya təsir zonalarına bölünməlidir. Tramp nə edir? O, idarə olunan eskalasiyalar yolu ilə dünyanı təsir zonalarına bölməyə çalışır.

Ermənistan nə etməlidir? Dünya daha təhlükəli vəziyyətə gəlib və Ermənistan böyük güclərin maraqlarının toqquşduğu nöqtələrdə yer almamaq üçün hər şeyi etməlidir. Təcrübəli kapitan fırtına zamanı gəməni açıq okeana çıxarmır. Bu, birbaşa Ermənistana aiddir. Ermənistan heç bir halda maraqların toqquşma mərkəzinə çevrilməməlidir”, - deyə Köçəryan bildirib.

O, bu vacib amili nəzərə almayan ölkələrin başına gələnləri də xatırladıb: “Birincisi, Gürcüstan Saakaşvili dövründə Rusiya ilə ABŞ-nin ziddiyyətləri üzərində oyun qurmağa çalışdı, nəticədə müharibə və ərazi itkiləri aldı. Zelenskinin rəhbərliyi altındakı Ukrayna NATO ilə Rusiya arasında maraqların ən ağrılı toqquşma nöqtələrində oynamağa cəhd etdi və dəhşətli müharibə ilə yanaşı ərazi itkiləri yaşadı. Ermənistan da Paşinyan dövründə bu cür oyunlara qoşuldu və nəticədə həm insan, həm də ərazi itkiləri ilə üzləşdi.

Biz bacarıqlı davranmalı və bu dərslərdən Ermənistan üçün nəticələr çıxarmalıyıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin