Erməni jurnalist: “Paşinyan növbəti dəfə manipulyasiyalara yol verib”

2026/01/1769669589.jpg
Oxunub: 52     11:10     29 Yanvar 2026    
“Nikol Paşinyan növbəti dəfə manipulyasiyalara yol verib”

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan ordusunun ildönümü münasibətilə Nikol Paşinyan müraciət yayımlayıb və adətinə uyğun olaraq orada manipulyasiyalar edib.

“O qeyd edib: “Məcburi müddətli hərbi xidmətin müddəti 24 aydan 18 aya endirilib. Bu, məcburi müddətli hərbi xidmətin şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”. Xidmət müddətinin 6 ay azaldılmasının hərbi xidmət şəraitinin yaxşılaşdırılması ilə nə əlaqəsi var? Əgər xidmət müddətini 6 aya endirsəydiniz, əsgərlər daha yaxşı şəraitdəmi xidmət edəcəkdilər?

Delimitasiya adı altında birtərəfli qaydada Günəndəki torpaqları təhvil verildikdən sonra artıq bir ildən çox vaxt keçib. Bəs delimitasiya prosesi nə oldu?

Nikol Paşinyan müraciətində mövcud olmayan sülhdən də danışıb: “Lakin onu da vurğulamaq istəyirəm ki, biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik təminatı yoxdur”, - deyə Sarkisyan bildirib.

O iddia edib ki, Azərbaycanla sülh bərqərar olmayıb, sadəcə uzunmüddətli atəşkəs mövcuddur.

“Müraciətin sonunda Paşinyan yazıb: “Güclü ordusu olmayan ölkə həssasdır. Ermənistan heç vaxt belə olmamalıdır”. Bu düzgün fikir Paşinyanın əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. O, daha əvvəl Ermənistanın təhlükəsizliyinin təmin edilməsi komponentləri arasında ordunun son yerlərdən birində olmalı olduğunu bildirmişdi”, - deyə Sarkisyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin