ABŞ Prezidenti yazmışdı: “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə əla bir saziş imzalayacağıq, iri yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq, həmçinin ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarını, məsələn, zirehli gödəkçələr və qayıqlar da daxil olmaqla Azərbaycana satacağıq və daha artıq işlər görəcəyik”.
Tramp bu fikirləri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşəbbüsü ilə yaradılan “Sülh Şurası” adlı beynəlxalq təşkilatın təsisindən sonra səsləndirmişdi. Məlum olduğu kimi, Trampın bu təşəbbüsünə Ermənistan və Azərbaycan da bir sıra digər ölkələrlə birlikdə qoşulublar.
Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Konstantin Simonov bildirib ki, Cey Di Vensin səfəri Vaşinqtonun Cənubi Qafqaza münasibətində və ambisiyalarında keyfiyyət dəyişikliyini, həmçinin ABŞ-nin bölgəyə daha hesablanmış rol ilə “qayıdışını” əks etdirir.

Onun fikrincə, beynəlxalq sistemin dərin yenidən formalaşması mərhələsində Cənubi Qafqaz artıq ikinci dərəcəli istiqamət deyil, Rusiya, Türkiyə və İranın maraqlarının kəsişməsində yerləşən strateji qovşağa çevrilir.
“Uzun müddət ABŞ-nin Cənubi Qafqazda iştirakı yalnız bəzi kiçik layihələrlə və ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik vasitəçiliklə məhdudlaşmışdı və bu zaman Rusiyanın rolunu qəbul edirdi. Lakin bu gün Vaşinqtonun gündəliyi dəyişib. Bununla paralel olaraq ABŞ qəbul edir ki, Rusiya regionda təsirə malikdir. Vensin səfəri Amerika tərəfinin yeni hesablamalarının, yeni layihələrinin və yeni mövcudluğunun ifadəsidir.
ABŞ Cənubi Qafqazda təsirli güc və mühüm aktor kimi mövqe tutur. Lakin əsas sual qalır: ABŞ-nin bu mövqelənməsi İran və Rusiyanın təsiri və maraqları ilə necə uzlaşdırılacaq?”, - deyə Simonov bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün bu, həm imkan, həm də çoxsaylı yeni risklər deməkdir.
“Yaranan vəziyyətin hansı nəticələrə gətirib çıxaracağı regionda məhz İrəvan və Bakının siyasətindən, diplomatiyanın necə qurulacağından və nə dərəcədə uzaqgörən siyasətin seçiləcəyindən asılıdır. Sonrakı inkişaflar həm də regionun sərt geosiyasi rəqabət olmadan, çoxqütblü dünya məntiqi çərçivəsində mövqeləndirilməsinin mümkün olub-olmamasından, yoxsa bu rəqabətin daha da dərinləşərək regional vəziyyəti sabitlikdən çıxarıb-çıxarmayacağından asılı olacaq. Bunlar hələ də açıq suallardır.
Bununla belə, Rusiya Cənubi Qafqazda sərt rəqabət aparmır, çünki Rusiya Federasiyasının əsas prioritet gündəliyi hələ də Ukrayna ətrafındakı vəziyyətdir”, - deyə Simonov qeyd edib.
O əlavə edib ki, göründüyü kimi, Rusiya mümkün olduğu qədər bütün istiqamətlərdə status-kvonu qorumağa çalışır və diplomatik “sarsıntılardan” qaçır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, prezidentlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, Suriyadakı vəziyyəti, Qəzzada “Sülh Şurası”nın fəaliyyətini, ticarət əlaqələrini, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.
Alpər Mövludoğlu
Ordu.az