Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanın dövlət borcunun böyüyən qar topu, gec işə düşən bomba” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, 2025-ci ilin dekabr ayının sonuna olan məlumata görə, dövlət borcu 14,5 milyard ABŞ dollarına çatıb, bu, həm xarici, həm də daxili borcun cəmini əhatə edir.
“Bu göstərici əvvəlki illə müqayisədə 13,1 faiz və ya təxminən 1,7 milyard dollar artıb, 2018-ci illə müqayisədə isə təxminən 2,2 dəfə yüksəlib.
Xüsusilə 2024-cü illə müqayisədə artım əsasən daxili borcun kəskin yüksəlməsi ilə bağlıdır. Belə ki, ilin sonunda daxili borc 7,5 milyard dollar təşkil edib və ilin əvvəlindən 1,1 milyard dollar və ya 17,3 faiz artıb. Halbuki daxili borcun əsas hissəsi rezidentlər tərəfindən alınmış dövlət xəzinə istiqrazları hesabına formalaşır.
Yeni borcların götürülməsi ilə paralel olaraq dövlət köhnə borcları da ödəməyə məcburdur və bu baxımdan 2025-ci il xüsusilə ağır olub. Belə ki, mart ayında Ermənistan beynəlxalq kapital bazarında 750 milyon dollar həcmində avrobondlar yerləşdirib ki, bu da daha bahalı yeni borc sayılır və xarici borcun strukturunda yükü artırır. Bu avrobondların buraxılışı dövlətin daha yüksək faiz dərəcələri ilə öhdəliklər götürməsinə səbəb olub, nəticədə ümumi borc yükü artıb. Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il üçün borclanma proqramı isə göstərir ki, büdcə kəsiri 537 milyard dram təşkil edəcək və bunun 210 milyardı daxili, 327 milyardı isə xarici mənbələr hesabına maliyyələşdiriləcək, borc/ÜDM nisbəti isə 3,3 faiz bəndi artacaq. Bu rəqəmlər hökumətin büdcənin sabitləşdirilməsi və gəlirlərin artırılması üçün yetərli addımlar atmadan borc maliyyələşməsinə arxalanmaqda davam etdiyini açıq şəkildə göstərir”, - deyə KİV bildirib.
Nəşr vurğulayıb ki, Ermənistanın borc vəziyyəti regional kontekstdə xüsusilə əlverişsizdir.
“Çünki Cənubi Qafqaz ölkələri arasında ÜDM-ə nisbətdə ən yüksək borc göstəricisi məhz Ermənistandadır. Xüsusilə Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə bu göstərici 53,4 faiz təşkil edir ki, bu da qonşu ölkələrin rəqəmlərini xeyli üstələyir. Məsələn, Gürcüstanda bu göstərici 34,2 faiz, İranda 35,6 faiz, Rusiyada cəmi 23,1 faiz, Türkiyə və Azərbaycanda isə müvafiq olaraq 24,3 və 22,4 faizdir. Bu isə o deməkdir ki, Ermənistan qonşuları ilə müqayisədə iki, hətta üç dəfə daha ağır borc yükü altındadır. Bu vəziyyət iqtisadi rəqabət qabiliyyəti və maliyyə sabitliyi baxımından son dərəcə əlverişsiz mövqe yaradır. Müqayisə təkcə hökumətin maliyyə siyasətindəki çatışmazlıqları üzə çıxarmır, həm də borc yükünün regional ticarət, investisiya və iqtisadi inteqrasiya üçün necə maneəyə çevrildiyini göstərir.
Borcların bu qədər yüksək səviyyəyə çatması nəticəsində iqtisadiyyatdan toplanan vergilərin təxminən 14 faizi yalnız faiz ödənişlərinə sərf olunur. Son illərdə borcun xidmət xərcləri illik olaraq 1 milyard dollara çatıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə 2-3 dəfə çoxdur. Əgər borc/ÜDM nisbəti 25-26 faiz səviyyəsində olsaydı, bu xərclər ən azı iki dəfə azalardı və sosial, infrastruktur və müdafiə proqramları üçün vəsaitlər azad edilərdi. Halbuki borc yükünün artması və yeddi il ərzində borcun 6,7 milyard dollardan 14,5 milyard dollara çatdırılması hakimiyyətin nəzarətsiz borclanma iştahasını göstərir. İndi isə onlar bunu hətta “üstünlük” və ya “imkan” kimi təqdim etməyə çalışırlar ki, bu da ciddi narahatlıq doğurur”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, borcların artmasının təhlükələri çoxşaxəlidir və vaxtında tədbirlər görülməsə, son dərəcə ağır nəticələrə gətirib çıxara bilər.
“Yüksək borc yükü büdcə çevikliyini məhdudlaşdırır və hökuməti onun xidmətinə üstünlük verməyə məcbur edir. Nəticədə təhsil, səhiyyə və müdafiə sahələrinin maliyyələşdirilməsi qurban verilir. Əgər qlobal iqtisadi böhran baş verərsə, faiz dərəcələri kəskin artarsa və ya borcların ödənilməli olduğu valyutalar bahalaşarsa, xidmət xərcləri bir anda yüksələrək büdcə böhranına, vergi artımlarına və ya yeni borcların zəncirvari şəkildə götürülməsinə səbəb ola bilər. Bu isə investorların etimadını sarsıdar və iqtisadi artımı məhdudlaşdırar.
Tarixən yüksək borc səviyyələri tez-tez suveren borc böhranlarına gətirib çıxarıb. Buna 2010-cu illərdə Yunanıstanı və Argentinanı misal göstərmək olar. Ermənistan üçün isə vəziyyət daha ağır ola bilər, çünki ölkə xarici yardımlardan, pul köçürmələrindən və digər amillərdən asılıdır.
Daxili borcun artımı zahirən “təhlükəsiz” görünsə də, əslində risklidir. Çünki bu borc yerli banklara və rezidentlərə əsaslanır, lakin yüksək faiz dərəcələri bəzən kapital axınına və inflyasiya təzyiqlərinə yol açır. Əgər yerli bazar durğunlaşarsa, hökumət daha yüksək risklərlə xarici bazarlara üz tutmağa məcbur qalacaq. Regional müqayisədə diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin aşağı borc səviyyəsi onlara hərbi güclənmə və infrastrukturun inkişafına daha çox vəsait ayırmağa imkan verir, Gürcüstan isə aşağı borcu sayəsində xarici investisiyaları daha asan cəlb edir. Bütün bunlar Ermənistanın ziyanına olan balanssızlıq yaradır”, - deyə məqalədə vurğulanıb.
KİV bildirib ki, hökumətin borcu infrastruktur və sosial proqramlar üçün “imkan” kimi təqdim etməsi isə bir həqiqəti gözardı edir: səmərəli istifadə olunmadıqda borc fiskal siyasətin çevikliyini məhdudlaşdıran ağır zəncirə çevrilir, korrupsiyanı təşviq edir və iqtisadi yavaşlamaya səbəb olur.
“Ermənistanın iqtisadi gələcəyi baxımından ölkəni borclar içində saxlamaq gec işə düşən bomba ola bilər. Dövlət borcunun sürətli artım tempinin qarşısını almaq üçün hökumət təcili şəkildə sərt fiskal siyasətə keçməli, qeyri-səmərəli xərcləri azaltmalı, vergi dərəcələrini artırmadan vergi bazasını genişləndirməli və özəl investisiyaları təşviq etməlidir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az