Modinin sözlərinə görə, tərəfdaşlıq bir sıra sahələrdə əməkdaşlığı möhkəmləndirəcək, bu da Hindistan və Aİ-nin qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyini təsdiqləyəcək, Hind-Sakit okean regionunda əməkdaşlığın miqyasını genişləndirəcək və müdafiə şirkətlərinin birgə istehsalı üçün yeni imkanlar yaradacaq.
Modi vurğulayıb ki, dünyada qeyri-sabitliyin artdığı bir şəraitdə Aİ-Hindistan tərəfdaşlığı “beynəlxalq sistemdə sabitləşdirici amil ola bilər”. O qeyd edib: “Çoxtərəfli diplomatiya və beynəlxalq normalara hörmət bizim ümumi prioritetimizdir. İkitərəfli münasibətlərdə elə anlar olur ki, tarix özü deyir: bu, tarixi bir məqam idi, yeni bir dövrün başlandığı zaman idi. Bugünkü tarixi sammit məhz belə bir dönüş nöqtəsidir”.
Hindistan və Aİ azad ticarət sazişi üzrə danışıqların başa çatdırılması barədə siyasi bəyannamə də imzalayıblar. Modinin sözlərinə görə, bu saziş təkcə qarşılıqlı investisiyalar üçün stimul olmayacaq, eyni zamanda qlobal miqyasda təchizat zəncirlərini möhkəmləndirəcək. Qeyd edək ki, Yeni Dehli və Brüssel azad ticarət barədə təxminən 20 ildir danışıqlar aparır. Saziş hələlik rəsmi olaraq imzalanmayıb və həm Aİ daxilində, həm də Hindistanda razılaşdırılmalıdır.
Aİ-Hindistan azad ticarət sazişi təkcə iqtisadi sənəd deyil, həm də geosiyasi baxımdan yeni, mühüm mərhələdir. Aİ faktiki olaraq Çinin təsirinin artması, eləcə də Yaxın Şərq-Qafqaz kommunikasiya infrastrukturlarının yenidən formalaşdırılması şəraitində Hindistanda mövcudluğunu institusional şəkildə möhkəmləndirməyə çalışır.
Aydındır ki, Hindistan-Aİ ticarətinin aktivləşməsi obyektiv olaraq Hindistan-Yaxın Şərq-Avropa və ona bitişik alternativ marşrutların dəyərini artırır.
Ordu.az-ın məlumatına görə, gürcü analitik Kaxa Qoqolaşvili mövcud vəziyyəti şərh edib.
Qoqolaşvilinin qiymətləndirməsinə görə, bu, Cənubi Qafqaz üçün yeni imkandır. Onun sözlərinə görə, Gürcüstan müəyyən mənada artıq Aİ-nin iqtisadi və nəqliyyat arxitekturasına inteqrasiya olunub, ancaq hazırda siyasi münasibətlərin passivliyi irəliləyişi dondurub. Lakin onun fikrincə, Qara dəniz limanları, Azərbaycan və Türkiyə ilə kommunikasiya infrastrukturları, Aİ ilə əlaqələr Aİ-Hindistan perspektivlərindən yararlanmaq imkanı yaradır, bu çərçivədə Ermənistan və Gürcüstan tranzit rol oynaya bilər. “Ermənistan İranla həyati əhəmiyyətli əlaqəni saxlayır. Bu isə ona Aİ-Hindistan zəncirində alternativ və siyasi baxımdan daha balanslı marşrut kimi çıxış etmək imkanı verir”, - deyə Qoqolaşvili bildirib.
O əlavə edib ki, bu mərhələdə Aİ ilə münasibətlərdə mövcud olan kəskin mənfi fon Gürcüstan üçün bu gündəliyin reallaşdırılmasını çətinləşdirir.
Alpər Mövludoğlu
Ordu.az