Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News-front.su” nəşri “Ermənistanda parlament seçkiləri: üç ölçü” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, 2026-cı il seçkiləri altı il yarım ərzində ilk dəfə növbədənkənar olmayan seçkilər olacaq.
“Əvvəlki iki seçki (2018-ci ilin dekabrı və 2021-ci ilin iyunu) növbədənkənar keçirilmişdi. Qarşıdan gələn seçkilər Qarabağın tam itirilməsindən sonra baş tutacaq ilk ümumölkə seçkiləridir. Eyni zamanda, onlar Cənubi Qafqazda regional təhlükəsizliyin genişmiqyaslı transformasiyaları fonunda keçiriləcək. Bu proseslər “Rusiya-Qərb” qarşıdurması kimi tanış bölgüyə tam uyğun gəlmir. Regionun “qərbləşməsi” ilə yanaşı, onun “şərqləşməsi” də müşahidə olunur”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, bu kontekstdə Ermənistan seçkiləri üç ölçüyə malikdir.
“Birinci və ən vacibi daxili siyasətdir. 2026-cı il seçki kampaniyası “Nikol Paşinyan sistemi” üçün stres-test olacaq. “Məxməri inqilab”dan sonra “hakimiyyətin bərpası” ilə bağlı illüziyalar və coşqu çoxdan aradan qalxıb. Seçkilər zamanı hökumət başçısı hakimiyyətinin doqquzuncu ilinə daxil olacaq. Bu müddət ərzində Nikol Vovayeviç dövlət idarəetmə sistemini vahid hala sala bilib. Səkkiz il əvvəl o, idarəolunmaz parlament, güclü müxalifət bloku, seçicilərin üçdə birindən çoxunun cəmləşdiyi paytaxtda problemli meriya, nisbətən müstəqil yerli özünüidarəetmə orqanları, üsyankar məhkəmə sistemi və “Qarabağ çamadanı” ilə üzləşmişdi. Qeyd edək ki, sonuncu siyasi baxımdan hələ 2020-ci il “payız müharibəsi”ndən əvvəl İrəvan tərəfindən “təmizlənmişdi”. 2026-cı ildə isə bu “çiçəklənən mürəkkəblik”dən əsər-əlamət qalmayıb”, - deyə məqalədə vurğulanıb.
Müəllif yazıb ki, buna müxalifət daxilindəki ziddiyyətləri və liderlər arasında ideoloji aydınlığın olmamasını da əlavə etmək lazımdır.
“Bununla belə, yaranmış vəziyyətin bütün məsuliyyətini yalnız hökumətin rəqiblərinin üzərinə yıxmaq düzgün olmaz. Ermənistan hakimiyyəti həm inzibati təzyiqdən, həm də tanınmış inzibati resurslardan istifadə baxımından kifayət qədər uğurlu olub. Buna baxmayaraq, cəmiyyətin müəyyən hissəsi hakim partiyanın faktiki inhisarından yorulub və dəyişiklik tələb edir. Ermənistanda rəqabət qalır və bu da o deməkdir ki, qarşıdakı seçki tənliyi çoxsaylı dəyişənlərə malik olacaq.
Ancaq 2026-cı il seçkiləri yalnız daxili siyasi hadisə deyil. Regional mənzərənin dəyişməsi uyğunlaşma tələb edir. Əvvəllər postsovet ölkələrində seçki kampaniyalarını Rusiya ilə Qərb arasında təsir uğrunda sonsuz rəqabət kimi dəyərləndirirdik. İndi isə başqa, maraqlı ilkin şərtlər görünür. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamalarını götürək: “İyunun əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm mərhələ olacaq. İndi sorğulara əsasən cənab Paşinyanın lider olduğunu görürük. Biz onun konstruktiv rolunu həqiqətən də dəstəkləyirik…”. Beləliklə, Ankara öz üstünlüklərini açıq şəkildə nümayiş etdirir. Görünür, Bakı da bu qiymətləndirmə ilə tam razılaşmağa hazırdır.
Ermənistanda geniş yayılmış bir hekayə var, onu həm siyasətçilər, həm də təcrübəli ekspertlər danışır. Bu, “dostuu de, sənin kim olduğunu deyim” deyiminə bənzəyir. Hazırda Paşinyan türk tandeminin mövqelərini və maraqlarını ötürən fiqur kimi qəbul olunur. Bununla belə, səmimi olaq və onu da qeyd edək ki, Baş nazirin özü rəqiblərini (o cümlədən katolikos II Qaregini) ölkəsinə qarşı “hibrid müharibə” başlatmaqda ittiham edir. Halbuki məsələ daha mürəkkəbdir. Burada biz seçkilərin üçüncü ölçüsünə gəlirik”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, Ermənistan milli-dövlət layihəsini “yenidən işə salmaq” üçün iddialı cəhd göstərir.
“Əslində söhbət erməni kimliyinin sistemli transformasiyasından gedir. Vətəndaşlardan təkcə Nikol Paşinyan adlı şəxsə deyil, həm də keçmişin tarixi ənənə və simvolları ilə köklü şəkildə üzülən, daxili və xarici müstəvidə yeni koordinatlar sistemi təklif edən “Real Ermənistan” layihəsinə dəstək istənilir. Emosional yüklənməyə baxmayaraq, bunu soyuqqanlı və mühakiməsiz demək lazımdır. Bu, erməni kimliyində baş verən inqilabın uğurunun ölkəni birdəfəlik və birmənalı şəkildə dəyişdirəcəyi anlamına gəlirmi? Müxtəlif variantlar mümkündür, lakin tarix idarəedicinin istəyi ilə hərəkət etmir, sadəcə qonşu Gürcüstana baxmaq kifayətdir. Amma bu, artıq tamam başqa hekayədir…”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az