Almaniyanın yeni hökuməti Türkiyəyə "Eurofighter" satışı üçün "yaşıl işıq" yandırıb

2025/06/1750327398.jpg
Oxunub: 469     10:41     27 İyun 2025    
Almaniyanın müdafiə dairələri və yüksək rütbəli rəsmiləri yaxın vaxtlarda Türkiyəyə "Eurofighter Typhoon" döyüş təyyarələrinin satışının həyata keçiriləcəyini bəyan edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Almaniyada iqtidara gələn yeni Xristian Demokrat-Sosial Demokrat (CDU-SPD) koalisiya hökumətinin Türkiyəyə daha əvvəl bloklanan döyüş təyyarələrinin ixracını təsdiqləməyə hazırlaşdığı iddia edilib.

"Handelsblatt" nəşrinin məlumatına görə, Baş nazir Fridrix Merts NATO zirvəsi çərçivəsində Niderlandın Haaqa şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndən dərhal sonra bu inkişaf ictimaiyyətə məlum olub.

Böyük Britaniyanın rəhbərlik etdiyi ixrac təşəbbüsü Türkiyəyə təxminən 40 "Eurofighter Typhoon" döyüş təyyarəsi satmağı planlaşdırır. Lakin bu satış Almaniya, İtaliya, İspaniya və Britaniyadan ibarət "Eurofighter" konsorsiumunun bütün üzvlərinin razılığını tələb edir.

Britaniya mart ayında rəsmi təklifini təqdim edərkən, Almaniyadakı əvvəlki koalisiya olan SPD-Yaşıllar-FDP üçlüyü layihəyə etiraz etmişdi. Bununla belə, Mertsin rəhbərlik etdiyi yeni hökumətin məsələyə daha "açıq və çevik" yanaşma tərzini mənimsədiyi bildirilir.

Berlindəki müdafiə mənbələrinə görə, yeni koalisiya silah ixracı ilə bağlı daha az məhdudlaşdırıcı mövqe tutacaq.

Mertts NATO-ya ilk səfəri zamanı Türkiyəni "vacib müttəfiq" kimi xarakterizə edib və ikitərəfli əlaqələri gücləndirəcəyinə söz verib. ABŞ-nin F-35 satışını ləğv etməsi və Türkiyənin hazırda F-16 kimi ABŞ istehsalı olan platformalardan asılılığı ilə Ankaranın "Eurofighter"lərə marağı daha da əhəmiyyətli olub.

Ərdoğan NATO Liderlər Zirvəsindən sonra verdiyi açıqlamalarda "Eurofighter" ilə bağlı mühüm irəliləyişlərin olduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə   Eurofighter  


Bizi "telegram"da izləyin