Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyaya qarşı Ukraynanı hava hücumundan müdafiə sahəsində daha üstün mövqeyə gətirmək üçün bu ölkəyə 350 Ən Yeni Qısa Mənzilli Hava-Hava Raketinin (ASRAAM) göndəriləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, əvvəlcə döyüş təyyarələrindən atılmaq üçün hazırlanmış raketlərin qurudan atılması üçün həyata keçirilən dəyişikliklər 3 ay ərzində tamamlanıb və raketlərin hərbi yük maşınlarının arxasına quraşdırılmış batareyalardan buraxıla biləcəyi bildirilib.
Bu raketlərin “Raven” kimi tanınan qısa mənzilli mobil hava hücumundan müdafiə sistemində istifadə ediləcəyi, Ukraynaya daha əvvəl göndərilən 8 “Raven” sisteminə əlavə olaraq 5 yük maşınının daha göndəriləcəyi qeyd olunub.
Açıqlamada, Ukraynaya göndəriləcək raketlərin dəyərinin 70 milyon funt sterlinq olduğuna diqqət çəkilərək bildirilir: “Bu raketlər Fövqəladə Gəlir Sürətləndirmə (ERA) planı çərçivəsində müsadirə edilən Rusiya aktivlərindən əldə edilən 70 milyon funt sterlinqlik faiz gəliri ilə maliyyələşdiriləcək”.
Açıqlamada fikirlərinə yer verilən Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib: “Putinin qeyri-qanuni və barbar müharibəsinin əvəzini Ukrayna deyil, Rusiya ödəməlidir. Ukraynanın ehtiyacı olan hava müdafiə sistemini təmin etmək üçün müsadirə edilmiş Rusiya aktivlərindən gələn gəlirləri istifadə etmək olduqca düzgün qərardır”.
Müdafiə naziri Con Hili isə sülhü təmin etmək üçün Ukraynanın ən güclü mövqeyə gətirilməsinin zəruri olduğunu qeyd edib. “Rusiyanın Ukrayna şəhərlərinə fərq qoymadan etdiyi raket və PUA hücumları Putinin sülhə səmimi yanaşmadığını göstərir. Bu səbəbdən, Ukraynanın bu qətliamlardan qorunması üçün müsadirə olunmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməkdə haqlıyıq”, - deyə o açıqlama verib.
Açıqlamada Böyük Britaniyanın Ukraynaya 5 min raket təmin etmək vədi də xatırladılıb.
Sevinc Əliyeva
Ordu.az