Ordu.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan büdcə sənədlərinə görə Tramp müdafiə xərclərində böyük ölçülü sistemlərdənsə daha çevik və effektiv platformalara yönəlməklə xərcləri azaltmağı və hərbi effektivliyi artırmağı hədəfləyir. “Reuters”in məlumatına görə büdcədə eyni zamanda ordu heyəti üçün 3,8% maaş artımı da nəzərdə tutulur.
Trampın büdcəsində Çinin Hind-Sakit okean bölgəsindəki hərbi fəaliyyətlərinə qarşı çəkindiriciliyin artırılması və müdafiə sənayesi infrastrukturunun canlandırılması əsas prioritetlər kimi irəli çıxır. Bu çərçivədə, xüsusilə uzaqmənzilli raket sistemlərinə və kiçik ölçülü, aşağı xərcli, lakin yüksək təsirli PUA-lara ayrılan vəsaitlər diqqət çəkir.
F-35 və gəmi alışları azaldılıb
Trampın təklif etdiyi büdcə, “Lockheed Martin” tərəfindən istehsal edilən F-35 qırıcı təyyarələrinin sayını əhəmiyyətli dərəcədə azaldır. Bayden dövründə 2025-ci il üçün 68 ədəd F-35 alınması nəzərdə tutulmuşdu, Tramp isə 2026 büdcəsində cəmi 47 təyyarə tələb edib. Əlavə olaraq, yalnız 3 yeni döyüş gəmisinin alınması planlaşdırılır. Donanma isə “Virginia” sinfi də daxil olmaqla bəzi gəmilərin təminatını ayrıca əlavə büdcə ilə həyata keçirməyi nəzərdə tutur.
Donanmanın mülki heyətində isə 7.286 nəfərlik azalma planlaşdırılır. Büdcədə eyni zamanda köhnəlmiş bəzi gəmi və təyyarələrin yüksək istismar xərcləri səbəbilə istismardan çıxarılması planlaşdırılır.
Raket sərmayələri ön plana çıxır
Pentaqon yeni büdcədə uzaqmənzilli və dəqiq idarə olunan sursatlara sərmayə yatırmağa davam edir. Hərbi Hava Qüvvələri, xüsusilə Sakit okean bölgəsindəki əməliyyat üstünlüyü üçün “Joint Air-to-Surface Standoff Missile – Extended Range” (JASSM-ER) və “Long Range Anti-Ship Missile” (LRASM) sistemlərinə üstünlük verir.
Digər tərəfdən, Ukrayna müharibəsində istifadə edilən ATACMS sisteminin əvəzinə alınması planlaşdırılan “Precision Strike Missile” alışı isə azaldılıb. Bu üç raket sisteminin hamısı yenə “Lockheed Martin” tərəfindən istehsal olunur.
“Golden Dome” ayrıca büdcə ilə maliyyələşdiriləcək
Trampın seçki kampaniyasında tez-tez vurğuladığı “Golden Dome” raketdən müdafiə sistemi isə bu büdcə təklifinə daxil edilməyib. Sistem üçün ilkin mərhələdə 25 milyard dollarlıq vəsait “One Big Beautiful Bill Act” adı verilmiş və Nümayəndələr Palatasında qəbul olunmuş ayrıca müdafiə paketi çərçivəsində təmin ediləcək.
Konqresdə müzakirələr davam edir
Trampın büdcəsi Konqresdə müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Nümayəndələr Palatasının Təyinatlar Komitəsinə bağlı Müdafiə Alt Komitəsinin hazırladığı qanun layihəsi F-35 alışını 69-a çatdıraraq Bayden dövründən belə artıq olmasını təklif edir.
Müdafiə büdcəsi ABŞ-nin könüllü xərclərinin təxminən yarısını təşkil edir, qalan hissə isə nəqliyyat, təhsil, diplomatiya və digər sahələrə ayrılır.
Sevinc Əliyeva
Ordu.az