Ordu.az xəbər verir ki, “Aquark Technologies” Kral Hərbi Dəniz Qüvvələrinin Zərbə Qabiliyyətləri və Texnologiyalar İdarəsi (DCTO) tərəfindən dəstəklənən ikinci sınaqlarını uğurla tamamladıqlarını açıqlayıb.
Şirkətin soyuq atom əsaslı atomik saat sistemi “AQlock” “HMS Pursuer” gəmisində, Solent bölgəsində 3 gün ərzində fasiləsiz işləyib.
Dünya miqyasında bir ilk olan bu uğur Mövqe, Naviqasiya və Zamanlama (PNT) texnologiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və Qlobal Peyk Naviqasiya Sistemlərinə (GNSS) olan asılılığı azaltmağa doğru böyük bir addım hesab olunur. Bu sınaq, eyni zamanda Birləşmiş Krallıqda sənaye miqyasında hazırlanmış və istehsal olunmuş ilk soyuq atom əsaslı atom saatının açıq dəniz şəraitində sabitliyinin sınaqdan keçirildiyi ilk sınaq oldu.
Texnologiyanın əsasını “Aquark” tərəfindən hazırlanan innovativ “supermolasses trap” üsulu təşkil edir. Bu metod sayəsində sistem daha möhkəm, daşına bilən və münasib büdcəyə malik olmaqla yanaşı, daha az komponent və aşağı enerji tələbatı ilə miniaturizasiya üçün də uyğun platforma yaradır.
Bu inkişaf hərbi əməliyyatlardan tutmuş infrastruktur, telekommunikasiya, maliyyə və nəqliyyat sahələrinə qədər bir çox sektor üçün böyük əhəmiyyət daşıyır. Soyuq Atom Texnologiyası ilə Dəqiq Zamanlama proqramı çərçivəsində “Innovate UK” tərəfindən verilmiş Kiçik Biznes Araşdırma Təşəbbüsü (SBRI) qrantı ilə inkişaf etdirilən “AQlock” demək olar ki, mütləq sıfır temperaturuna qədər soyudulmuş atomların sabitliyini osilatora ötürür. Bu da uzunmüddətli sapmaları azaldaraq yüksək dəqiqliklə zamanlama təmin edir, GNSS düzəlişlərinə olan ehtiyacı azaldır və mövcud zamanlama infrastrukturunu dəstəkləyir.
Mövzu ilə bağlı açıqlama verən komandir Karla Higgins bildirib: “Bu unikal texnologiyanın sınaqlarında iştirak etməkdən məmnun olduq. P2000 tipli patrul gəmiləri çətin dəniz şəraitində test üçün ideal platformadır. “HMS Pursuer” heyəti bu yeni avadanlıqla tanış olmaqdan və Birləşmiş Krallığın texnologiya imkanlarına töhfə verəcək sistemləri öyrənməkdən məmnuniyyət duydu”.
“Aquark Technologies” şirkətinin İcraçı Direktor Müavini Aleksandr Yantzen isə belə deyib: “Kral Hərbi Dəniz Qüvvələri ilə ikinci dəfə əməkdaşlıq etmək fürsəti bizim üçün şərəf idi. Soyuq atom nüvəmizi praktik vəzifəyə tətbiq etmək həyəcanverici bir addım oldu. Bu sınaq “AQlock”un real dünyada sabit və funksional nəticələr təqdim edə biləcəyini sübut etdi. Artıq texnologiyamızın praktik tətbiqinə daha yaxınlaşmışıq və bu sınaq oxşar sistemlər üçün yeni dayanıqlılıq standartı yaradır. Nəticədə, GNSS olmasa belə fasiləsiz işləyə bilən kritik texnologiyalara bir addım daha yaxınlaşdıq”.
Sevinc Əliyeva
Ordu.az