Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Niderlandın Haaqa şəhərində keçirilən NATO Zirvəsi çərçivəsində “Anadolu Agentliyi”nə verdiyi açıqlamasında bildirib.
Görgün bildirib ki, artıq iki ildir Türkiyə müdafiə sənayesi şirkətləri ilə birlikdə NATO Zirvələrində aktiv iştirak edirlər: “Bu il də eyni fəallıqla iştirak edirik. NATO ilə əlaqədar ayrıca bir şöbə qurmuşuq və məqsədimiz şirkətlərimizin NATO layihələrində daha çox yer almasını təmin etmək, eyni zamanda NATO daxilində görünürlüğümüzü artırmaqdır”.
MSK sədri qeyd edib ki, komitə NATO-nun bütün işçi qruplarında təmsil olunur.
“Bu işçi qruplarından bəzilərinə rəhbərlik də edirik. Məsələn, Təchizat Zəncirinin Təhlükəsizliyi üzrə alt işçi qrupuna rəhbərlik bizim əməkdaşımız tərəfindən həyata keçirilir. Artıq platformalarımızı və onların alt sistemlərini yerli və milli şəkildə istehsal edirik. Mövcud geosiyasi vəziyyət nəzərə alındıqda, bu çeviklik və istehsal sürəti NATO səviyyəsində, o cümlədən Baş katib səviyyəsində ciddi fərqindəlik yaratdı”, - deyə Görgün bildirib.
Görgün vurğulayıb ki, NATO-nun yeni baş katibi Mark Rutte ilə Ankarada və Brüsseldə səmərəli görüşlər keçirilib: “Cənab Rutte bu fərqindəliyi bu səhərki çıxışında da bir daha qeyd etdi. NATO Müdafiə Sənayesi Forumunun açılışında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə birlikdə yenidən bu mövzuya toxundu”.
Görgün qeyd edib ki, “Multidomain Operations” və “Innovation Continuum” kimi tədbirlərin Türkiyədə keçirilməsi üçün NATO-ya rəsmi dəvətlər göndərilib. MSK olaraq türk şirkətlərinin layihələrə və tenderlərə qoşulması üçün bütün səylərini göstərdiklərini də əlavə edib.
MSK sədri qeyd edib ki, Türkiyənin istehsal potensialı artıq NATO tərəfindən də nəzərə alınır: “Son dövrlərdə bəzi dəvətlər nəticəsində şirkətlərimiz NATO işçi qruplarına dəvət olunur. Məsələn, ASELSAN NATO-nun NSPA agentliyi tərəfindən hava müdafiə arxitekturasının yaradılması üçün seçilən beş şirkətdən biri oldu. Türk şirkətlərinin NATO tenderlərində həm iştirak, həm də qalibiyyət sayında ciddi artım var. Gənc və dinamik istehsal gücümüzlə NATO-nun müttəfiqlik ruhuna töhfə verməyə davam edəcəyik. NATO daxilində bu fərqindəlik artıq daha da güclənir. Türkiyənin istehsal qabiliyyətini, çevikliyini və imkanlarını təqdim edəcəyik. Zirvənin bütün NATO üzvləri üçün faydalı olmasını arzulayıram”.
Sevinc Əliyeva
Ordu.az