ABŞ ordusu “Stryker”lərə PUA-lara qarşı “EchoShield” radarını inteqrasiya edir

2025/06/1750761498.jpg
Oxunub: 334     14:12     24 İyun 2025    
ABŞ ordusu aşağı hündürlükdə uçan Pilotsuz Uçuş Aparatları (PUA) təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə “Stryker” zirehli döyüş maşınlarına “EchoShield” radar sistemini inteqrasiya edib.

Ordu.az xəbər verir ki, yeni sistem Almaniyada keçirilən “Project Flytrap” təlimi zamanı sahədə uğurla sınaqdan keçirilib.

ABŞ mərkəzli “Echodyne” şirkəti tərəfindən hazırlanmış “EchoShield” 4D proqram təminatlı radar texnologiyası ilə işləyir. Sistem 4 km məsafəyə qədər PUA-ları aşkarlaya bilir, insan və nəqliyyat vasitələri üçün isə 8 ilə 11 km arasında tanıma qabiliyyətinə malikdir. Həmçinin, təqribən 18 kq-lıq çəkisi və aşağı enerji sərfiyyatı ilə “Stryker” kimi mobil platformalara asanlıqla inteqrasiya oluna bilir.

Təlimdə iştirak edən 2-ci Süvari Alayının şəxsi heyəti sistemin real vaxtda kəşfiyyat və hava təhdidlərini aşkarlama imkanlarından faydalandı. Radarın təqdim etdiyi məlumatlar sayəsində bölmələr ətrafdakı PUA hərəkətlərini əvvəlcədən müəyyən edərək operativ tədbirlər görə bildi.

ABŞ ordusu mobil bölmələrin müdafiə qabiliyyətini artırmaq üçün “C-UAS” (Counter-Unmanned Aircraft System – PUA-əleyhinə sistem) texnologiyalarını yayğınlaşdırmağı hədəfləyir. “EchoShield”in “Stryker” üzərindəki performansı bu modernizasiya proqramının mühüm hissəsi kimi diqqət çəkir.

“Echodyne” rəsmiləri bildirir: “Aşağı hündürlükdəki kiçik PUA-ları dəqiq izləmək ənənəvi radar sistemlərindən fərqli bir ixtisaslaşma tələb edir. “EchoShield” bu boşluğu doldurur”.

Bu inkişafla birlikdə, ABŞ ordusunun gələcəkdə “EchoShield” kimi radarları digər platformalarda da istifadə etməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Stryker   PUA  


Bizi "telegram"da izləyin