Fransa AASM sursatlarının məsafəsini reaktiv mühərriklə artırır

2025/06/1750696944.jpg
Oxunub: 414     11:30     27 İyun 2025    
Fransa Müdafiə Nazirliyinə bağlı Silahlanma Baş İdarəsi (DGA) “Rafale” döyüş təyyarələrində istifadə olunan Modulyar Hava-Yer Sursatları (AASM – “Hammer”) sisteminin mənzilini artırmaq üçün yeni bir versiya üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu yeni versiyada bərk yanacaqlı raket mühərriki əvəzinə kiçik reaktiv mühərrikdən istifadə ediləcək.

“Safran” şirkəti tərəfindən hazırlanmış AASM sursatı ilk dəfə 2008-ci ildə Əfqanıstanda istifadəyə verilib. AASM bir idarəetmə dəsti, məsafə artırıcı modul və adi bomba gövdəsindən ibarətdir. Bu sistem pis hava şəraitində belə 70 kilometr məsafədə yüksək dəqiqliklə hədəfi məhv etməyə qadirdir.

AASM sursatları aşağıdakı üç əsas versiyada istehsal olunur:

SBU-38: INS və GPS ilə idarə olunan
SBU-54: INS, GPS və infraqırmızı görüntüləmə ilə hədəfə yönələn
SBU-64: Lazer ilə idarə olunan və hərəkətli hədəfləri vura bilən versiya

Son illərdə Ukrayna tərəfindən “Su-25”, “MiQ-29” və “Su-27” tipli təyyarələrlə istifadə edilən AASM döyüş sahəsində effektivliyini sübut edib.

Fransa ordusu 2022-ci ildə 1000 kq-lıq bomba gövdəsinə malik AASM 1000-in SBU-31 (INS/GPS) və keçən il SBU-56 (INS/GPS/Lazer) versiyalarının sertifikatlaşdırılmasını tamamladı. Mont-de-Marsandakı Hərbi Hava Qüvvələri Sınaq Mərkəzində (CEAM) keçirilən sınaqlarda hər iki sursat yüksək dəqiqlik göstərdi.

Fransa rəsmiləri indi isə 250 kq-lıq bomba gövdəsinə inteqrasiya ediləcək yeni nəsil AASM 250 XLR üzərində işləyirlər. Bu versiya 140 kilometrdən çox mənzil təmin edəcək şəkildə kiçik reaktiv mühərriklə təchiz ediləcək.

Silah sistemləri üzrə mühəndis Arvind Badrinat bildirib: “Bu, böyük bir mühəndislik nailiyyəti olacaq, çünki sursatın xarici forması demək olar ki, dəyişməyəcək. Reaktiv mühərrik üçün lazım olan hava girişi inteqrasiya ediləcək və proqram təminatı artırılmış mənzilə uyğunlaşdırılacaq”.

Yeni sursat yalnız “Rafale” təyyarələri üçün hazırlanır. Hal-hazırda “Mirage 2000D” ilə inteqrasiya planlaşdırılmır, lakin ehtiyac yaranarsa bu variant da qiymətləndirilə bilər.

Bundan əlavə, yeni sursatın GPS siqnallarına qarşı yönəldilən elektron maneələrə qarşı daha dayanıqlı olması planlaşdırılır. Bu məqsədlə, lazer və infraqırmızı idarəetmə sistemlərinin eyni sursata birləşdiriləcəyi iki rejimli bir versiyanın da inkişafı planlaşdırılır.

Yeni AASM 250 XLR sursatının 2028-ci ildən etibarən Fransa Hərbi Hava Qüvvələrinin inventarına daxil olması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   AASM  


Bizi "telegram"da izləyin