Almaniya pilotsuz hipersəsəs hava vasitəsini IRIS-T raketləri ilə təchiz edəcək

2025/06/1750696838.jpg
Oxunub: 467     20:40     26 İyun 2025    
Almaniya mənşəli müdafiə şirkəti “Diehl Defence” və kosmik texnologiyalar firması “POLARIS Raumflugzeuge GmbH” IRIS-T “hava-hava” raketləri ilə təchiz olunacaq pilotsuz hipersəsəs hava vasitəsini hazırlamaq üçün xüsusi əməkdaşlıq müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, “Paris Air Show” sərgisi çərçivəsində ictimaiyyətə açıqlanan bu saziş “Airborne Launching and Attack System” (AirLAS) adlı yeni bir sistemin hazırlanmasını hədəfləyir.

“AirLAS” Alman ordusunun gələcək hava müdafiə memarlığına yüksək çeviklik və əməliyyat məsafəsi qazandırmağı planlaşdırır. “Diehl Defence”in icraçı direktoru Helmut Rauç və POLARIS-in CEO-su Alexander Koppun birgə açıqlamasında bildirilib ki, “AirLAS” sistemi “Diehl”in döyüş təcrübəsinə malik IRIS-T raketi ilə POLARIS-in təkrar istifadə edilə bilən pilotsuz hava platformasını birləşdirəcək.

Yeni sistemin həm hava, həm quru, həm də potensial olaraq dənizdən buraxıla biləcək xüsusiyyətə malik olacağı qeyd olunub: “AirLAS” yanaşması döyüş davamlılığını və reaksiya sürətini artıraraq silahlı qüvvələrə yeni əməliyyat imkanları qazandıracaq”.

İlk uçuş sınaqlarının 2025-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır.

Almaniya rəhbərliyində hazırlanan və bir çox NATO ölkəsi tərəfindən istifadə olunan IRIS-T raketi adətən döyüş təyyarələrində istifadə edilən yüksək manevr qabiliyyətinə malik qısa mənzilli “hava-hava” raketidir. Bu raketin pilotsuz hava vasitələri ilə birləşdirilməsi risk olmadan dəqiq zərbə imkanı yaradacaq.

Şirkətlər “AirLAS” sisteminin gələcəkdə Almaniyanın inkişaf etdirdiyi Gələcəyin Döyüş Hava Sistemi (FCAS) proqramına daxil edilə biləcəyini və ya dəniz missiyalarına uyğunlaşdırıla biləcəyini bildirib. Eyni zamanda sistemin uzun mənzilli hipersəs hücum platformaları üçün əsas ola biləcəyi vurğulanıb.

Bu əməkdaşlıq POLARIS-in 2025-ci ilin fevralında Alman Silahlı Qüvvələrinin Təchizat İdarəsi (BAAINBw) ilə imzaladığı müqavilənin davamı olaraq həyata keçirilir. Həmin müqavilə, şaquli qalxma və enmə edə bilən, iki mərhələli, tamamilə təkrar istifadə edilə bilən hipersəs sınaq vasitəsinin hazırlanmasını nəzərdə tutur.

POLARIS-in məlumatına görə, bu vasitə həm müdafiə, həm də elmi tədqiqat məqsədilə sınaq platforması kimi fəaliyyət göstərəcək. Bundan əlavə, əlavə orbitəqaldırıcı mərhələ ilə təchiz olunduqda kiçik peyklərin buraxılmasında da istifadə oluna bilər. “Diehl” və POLARIS “AirLAS”ın gələcək hava döyüş və raket müdafiə sistemlərinə inteqrasiya edilə biləcək modulyar bir imkan olaraq inkişaf etdirildiyini vurğulayıb.

Şirkətlər artan təhlükəsizlik riskləri, uzun məsafəli zərbə ehtiyacı və sürətli reaksiya qabiliyyəti kimi tələblər fonunda, təkrar istifadə edilə bilən pilotsuz platformaların mövcud sursatlarla birləşdirilməsinin NATO qüvvələrinə dəyərli əməliyyat seçimi təqdim edə biləcəyini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   IRIS-T  


Bizi "telegram"da izləyin