İngiltərə Baş Naziri Kir Starmer Avropa İttifaqı ilə müdafiə paktı qurulmasına dəstək verdiyini açıqladı. Bəs, ortaq Avropa ordusu da daxil olmaqla, Avropa müdafiəsinin daha dərindən inteqrasiyası məsələsində Birləşmiş Krallıq necə mövqe tutur?
Baş nazir Starmerin həm Ukrayna mövzusundakı liderliyi, həm də qitə Avropası ilə daha yaxın əlaqələr qurmaq istiqamətində səyləri bizi müsbət mənada təəccübləndirir. Həm Avropa qitəsində, həm də Birləşmiş Krallıqda, mənalı bir Avropa müdafiəsi və ya Ukrayna ilə güclü əlaqə qurmağın İngiltərəsiz mümkün olmayacağına dair ortaq bir anlaşma yaranıb. Starmerin Avropa ilə müdafiə paktı ideyasından danışarkən, bunun yalnız Ukraynaya yönəlik yardımın koordinasiyası deyil, həmçinin hərbi qüvvələrin və qabiliyyətlərin Avropa orduları ilə daha inteqrasiya olunması və müdafiə sənayesi əməkdaşlığını da əhatə edən geniş bir çərçivə olduğunu düşünürük.
Birləşmiş Krallığın müdafiə sənayesinə baxdıqda, ABŞ şirkətləri ilə yaxın əlaqələri olduğu kimi, qitə Avropasındakı müdafiə şirkətləri ilə də son dərəcə sıx və inteqrasiya edilmiş əməkdaşlıqlarının olduğu görünür. Məsələn, A400M nəqliyyat təyyarəsini götürək, bu təyyarə “Rolls-Royce” mühərriki istifadə edir. Bu da sənaye tərəfdən çoxsaylı qarşılıqlı asılılıq və əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərir. Starmerin fikrindəki vizyon məhz belə düşüncəli liderlik qabiliyyəti ilə sənaye əməkdaşlığının birləşməsidir.
Transatlantik ticarətdə gərginliyin artdığı və ABŞ-nin Avropa ölkələrinə yeni gömrük tarifləri tətbiq etmə riskinin yüksəldiyi bir dövrdə, Birləşmiş Krallıq ABŞ ilə Avropa İttifaqı arasındakı strateji tarazlığı necə idarə edir?
Ümid edirik ki, kimsə ABŞ prezidenti Donald Trumpa Avropa və Birləşmiş Krallığa tətbiq olunan tariflərin bu ölkələr üçün ABŞ mənşəli müdafiə texnikasının qiymətini artırdığını və bu avadanlıqları daha az əlçatan etdiyini izah edir. Bu vəziyyət həm avropalıların müdafiə xərclərini artırmasını təşviq etmə, həm də ABŞ ilə yaxın əlaqələri saxlayaraq Amerikan müdafiə sənayesinə inteqrasiya olmalarını təmin etmək yönündəki strateji məqsədə ziddir. Buna görə bu yanaşmanın dəyişməsini arzu edirlər, çünki sözügedən tariflər, avro və ya funt sterlinqlə edilən müdafiə xərclərinin effektivliyini ciddi şəkildə azaldacaq.
İsrailin Qəzzada davam etdirdiyi hücumlar və Suriya da daxil olmaqla, Birləşmiş Krallıq Yaxın Şərqdəki regional inkişaflara necə cavab verir? Verilən bu cavablar ABŞ-nin bölgədəki strateji prioritetləri ilə nə qədər əlaqəlidir?
Müşahidəmə görə, Avropa ölkələrinin Yaxın Şərqdəki hadisələrə verdiyi reaksiyalar əsasən öz xarici siyasət vizyonlarının əksidir və müəyyən qədər daxili siyasi balansları da əks etdirir. Məsələn, İsraillə yaxın əlaqələri olan ölkələr tənqidlərində daha ölçülü dil istifadə etməyə meyllidirlər, əhəmiyyətli sayda Fələstin mənşəli əhalisi olan ölkələr isə Fələstin məsələsinə daha anlayışlı və dəstəkləyici yanaşa bilirlər. Birləşmiş Krallıq isə bu iki tutumun ortasında mövqe tutur. İsraillə yaxın əlaqələri olsa da, İşçi Partiyası hökuməti bölgədə baş verən insan hüquqları pozuntularına qarşı olduqca tənqidi mövqe sərgiləyir və aralarında keçmiş İsrail Baş Naziri Ehud Olmertin də olduğu bəzi avropalı liderlərlə birlikdə İsrailin törətdiyi güman edilən müharibə cinayətlərini açıq şəkildə tənqid edir. İsraillə yaxın əlaqələrinə baxmayaraq, Birləşmiş Krallıq güclü əxlaqi ritorika formalaşdırıb. İşçi Partiyası hökuməti bəzi əsas humanitar prinsip və normların pozulduğuna qəti şəkildə inanır və bunu ifadə etməkdən çəkinmir.
Suriya mövzusunda, Birləşmiş Krallıq hökumətinin Suriyanın yenidən normallaşması və bölgədə müstəqil mövqeyini bərpa etməsi üçün bir fürsət gördüyünü düşünürəm. Tramp administrasiyasının sanksiyaları qaldırma qərarını dəstəklədilər və çox güman ki, oxşar addımı özləri də atacaq. Bu çərçivədə, Birləşmiş Krallığın Suriya məsələsində ABŞ ilə böyük ölçüdə eyni mövqedə olduğu, lakin İsrail-Qəzza məsələsində ABŞ-nin mövqeyindən qismən fərqləndiyi söylənə bilər.
20 Mayda Birləşmiş Krallıq İsrail ilə aparılan ticarət razılaşması danışıqlarını dayandırdı, İsrailin London Səfirini Xarici İşlər Nazirliyinə çağırdı və Qərbi Şəriyadakı məskunlaşanlara qarşı yeni sanksiyalar elan etdi. Bu inkişaflar fonunda Birləşmiş Krallıq İsrail və Yaxın Şərq ölkələri ilə diplomatik münasibətlərini beynəlxalq hüquq və insan hüquqlarına sadiqlik prinsipləri ilə necə balanslaşdırır?
Bəli, diqqət yetirilməli əsas məsələ demokratiya və insan hüquqlarına hörmətdir və Birləşmiş Krallıq məhz bu prinsiplərə üstünlük verir. Bir tərəfdən İsrailin müstəqil dövlət olaraq var olmaq hüququnu dəstəkləyir, amma bu dəstəyin demokratik dəyərlərə bağlı və insan hüquqlarına hörmət edən İsrail vizyonu ilə uzlaşmasını istəyir. Söhbət etdiyiniz sanksiyalar da İsrailin hazırkı istiqamətinin yanlış olduğuna dair inamın əksidir. Birləşmiş Krallıq bu sanksiyalarla İsrailə mesaj vermək və davranış dəyişikliyi təşviq etmək niyyətindədir.
Birləşmiş Krallıq Türkiyəni bölgədə ən önəmli tərəfdaşlarından biri hesab edir və Suriyada uzlaşma və yenidənqurma prosesində Türkiyənin öncül rolunu konstruktiv və müsbət bir inkişaf kimi dəyərləndirir. Eyni zamanda, Türkiyənin Suriyanın gələcək strateji istiqamətinə təsir etməsi və Yaxın Şərqin bu dəyişkən şəraitdə daha bütöv bir struktur formalaşdırmasına töhfə verməsi Londondan dəstək görür. Türkiyə ilə uzunmüddətli yaxın və stabilliklə inkişaf etmiş münasibətlərin Birləşmiş Krallıq üçün əhəmiyyətli qazanc olduğunu düşünürəm. Hər iki ölkə bölgəni anlamaq, bölgə xalqlarının səsinə qulaq vermək və xaricdən tətbiq olunmayan, əksinə Türkiyə, İordaniya və digər bölgə ölkələrinin baxışlarını əks etdirən həll yolları yaratmaq üçün real əməkdaşlıq inkişaf etdirə bilər.
Həm Avropada, həm də Yaxın Şərqdə təhlükəsizlik anlayışının yenidən müəyyənləşdirildiyi bir dövrdəyik. Bu dəyişən təhlükəsizlik mühitində, Türkiyə Avropa təhlükəsizliyi üçün ortaya qoyulacaq yeni vizyonun formalaşmasına necə töhfə verə bilər? Eyni zamanda, Yaxın Şərqdə Avropa-Türkiyə əməkdaşlığını irəli aparmaq üçün hansı çərçivələr və mexanizmlər əsas götürülə bilər?
Türkiyə, xüsusilə quru qoşunlarının ölçüsü və əməliyyat qabiliyyəti baxımından NATO-nun ən güclü müttəfiqlərindən biridir. İttifaqın şərq qanadında yer alması Türkiyəyə həm hərbi giriş, həm də NATO-ya təqdim etdiyi baza imkanları baxımından strateji əhəmiyyət verir. Türk müdafiə sənayesi Ukraynaya silah tədarükündə mühüm rol oynadı. ABŞ perspektivindən baxanda, Türkiyə Ukraynanın ehtiyac duyduğu 155 mm top mərmilərinin istehsal qabiliyyəti və gücünə sahib yeganə ölkə idi. Bu vəziyyəti görən ABŞ Türkiyə müdafiə sənayesi ilə əməkdaşlıq quraraq bu tədarük zəncirini ciddi şəkildə genişləndirdi. Bu baxımdan, Türkiyənin verdiyi töhfənin konkret və strateji bir dəyəri olduğu açıqdır.
Avropa İttifaqı üzvü olmayan ölkələr olmadan, real və təsirli bir Avropa müdafiəsinin qurulacağına inanmıram. NATO-ya baxdıqda ittifaqın ümumi müdafiə xərclərinin və hərbi qabiliyyətlərinin təxminən 80%-i Avropa İttifaqı üzvü olmayan ölkələr tərəfindən təmin edilir. ABŞ, Kanada, Birləşmiş Krallıq, Norveç və Türkiyə həm resurs, həm də qabiliyyət baxımından bu yükün böyük hissəsini daşıyırlar. Əgər həqiqətən Ukraynaya dəstəyi davam etdirməkdən və Avropanın müdafiə gücünü yenidən qurmaqdan danışırıqsa, Türkiyə bu prosesin mərkəzində olmalıdır. Mən bu əməkdaşlığın NATO çərçivəsində aparılmasını arzulayıram, çünki NATO komanda-nəzarət planlaması, qabiliyyət inkişafı və komanda strukturu kimi kritik institusional mexanizmlərə malikdir.
Lakin NATO daxilindəki bəzi çətinliklər, müttəfiqlər arasındakı fikir ayrılıqları və NATO-Avropa İttifaqı əməkdaşlığını məhdudlaşdıran maneələr səbəbilə, Türkiyə ilə strateji tərəfdaşlığı irəli aparmaq üçün bu əməkdaşlığı bəzən NATO xaricində, “oxşar düşüncəli” ölkələrlə birgə həyata keçirməyimiz zəruri ola bilər. Beləliklə hazırlanacaq ideya və modellər sonra Avropa İttifaqı və ya NATO-ya inteqrasiya edilə bilər. Bu baxımdan, Avropa İttifaqının Birləşmiş Krallıq və Norveç ilə yenidən yaxın əməkdaşlıqda çalışacağını gözləyirəm. Nəhayət, Tramp administrasiyasının ilk dövründə, ABŞ-nin Ukraynaya bağlılığı ilə bağlı şübhələrin artdığı bir vaxtda, Prezident Rəcəb Tayyib Ərdoğanın Londonda Baş nazir Starmer və Norveç Baş naziri ilə birgə Avropa təhlükəsizliyi və Ukraynaya dəstək mövzusunda ortaq mövqe nümayiş etdirməsi çox güclü mesaj idi. Bu cür kiçik, regional əməkdaşlıqlar daha böyük beynəlxalq strukturlar daxilində irəliləməni sürətləndirə biləcək vacib rol oynayır.
Sevinc Əliyeva
Ordu.az