2 milyard dollarlıq sual: Rusiya PUA-lardan niyə qorunmadı?

2025/06/1750148765.jpg
Oxunub: 645     19:24     24 İyun 2025    
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən etibarən ən böyük hücumlardan biri gerçəkləşdi. Ukrayna Rusiyanın dərinliklərindən qaldırdığı FPV tipli kamikadze PUA-larla son dərəcə kritik hərbi bazaları hədəfə alıb. Kiyevə yaxın mənbələrin iddiasına görə, zərbə nəticəsində aralarında strateji bombardmançı təyyarələrinin də olduğu çoxsaylı hava vasitəsi sıradan çıxarıldı.

Rusiyadan hadisə ilə bağlı ətraflı açıqlama verilməsə də, Ukrayna bu xüsusi əməliyyat çərçivəsində müxtəlif sayda TU-95MS və TU-22M3 bombardmançı təyyarələri ilə yanaşı AN-12 hərbi nəqliyyat təyyarəsini də vurduqlarını və bunun PUA tarixi baxımından ən böyük əməliyyat olduğunu iddia edir.

Hadisə yerindən yayılan görüntülər Ukraynanın iddialarının mühüm hissəsini təsdiqləyir. Mütəxəssislər, “Hörümçək Toru” adlandırılan bu əməliyyatın hərbi, kəşfiyyat və psixoloji aspektlərdən analiz olunmalı olduğunu bildirirlər.

Ukrayna Rus təyyarələrini necə vurdu?

Mövzunu yaxından izləyə bilməyənlər üçün, “müharibə tarixinin ən önəmli hərbi əməliyyatlarından biri” kimi qiymətləndirilən hadisənin açıq mənbələrə əks olunan bir hissəsini qısaca təqdim edək.

İddialara görə, Ukrayna kəşfiyyatı sözügedən əməliyyat üçün 18 aydan artıq müddət ərzində çalışıb. Əməliyyat çərçivəsində, Ukrayna tərəfi kamikadze PUA-ları yük maşınları və TIR-lar vasitəsilə Rusiya ərazisinə gizli şəkildə daxil edib. Hədəfdəki strateji hərbi bazaların yaxınlığına çatdıqda isə naməlum üsullarla PUA-lar maşınlardan çıxarılaraq havaya qaldırılıb.

Hadisə şahidlərinin “PUA-lar qalxdıqdan sonra maşınlar öz-özünə yanmağa başladı” və “sürücülər nə daşıdıqlarından xəbərsiz idilər” kimi açıqlamaları da diqqət çəkir.

Daha sonra ard-arda qalxan PUA-lar heç bir ciddi əngəllə qarşılaşmadan bazalara yaxınlaşaraq milyonlarla dollar dəyərində olan təyyarələrə çırpılıb və onları məhv edib.

Bəzi beynəlxalq media orqanları Rusiyanın bu hücum nəticəsindəki ümumi zərərinin 2 milyard ABŞ dollarına yaxın ola biləcəyini iddia edir.

Bu nöqtədə, iki əsas sual ortaya çıxır: Ukrayna bu hücumu necə uğurla həyata keçirdi? Rusiya bu qədər dəyərli obyektləri niyə qoruya bilmədi?


“Kamikadze PUA dövrünün ən böyük hadisəsi”

Mövzunu texniki cəhətdən dəyərləndirən Türkiyə müdafiə sənayesi üzrə mütəxəssis Yusuf Akbaba Ukraynanın bu hücumunu “Rusiya öz “Pearl Harbor”unu yaşadı” ifadəsi ilə xarakterizə edir.

Onun fikrincə, Ruslar təkcə təyyarələrini itirmədi, eyni zamanda bu hadisə Moskva üçün çox ağır nüfuz itkisi oldu. Rusiyanın zərbə gücü və dərinlikdə zərbə imkanının ciddi şəkildə zədələndiyini vurğulayır.

Akbaba bu əməliyyatla kamikadze PUA-ların özünü ən yüksək səviyyədə sübut etdiyini qeyd edərək əlavə edir: “Türkiyə Suriyadakı əməliyyatlar zamanı PUA-lardan istifadə edərək bütün müharibə paradiqmasını dəyişmişdi. Suriya rejimi həmin prosesdən sonra toparlana bilməmişdi. Kamikadze PUA-lar üçün də bu son hücum ən yüksək səviyyədə yeni bir dövr açdı”.

“Rusiya üçün ciddi kəşfiyyat uğursuzluğu”

Rusiyaya dair tədqiqat aparan Türkiyə Milli Kəşfiyyat Akademiyasının müəllimi Mehmet Çağatay Güler isə məsələnin siyasi və strateji tərəflərinə toxunur. O, bu əməliyyatın Ukrayna üçün kəşfiyyat uğuru və strateji nəticələr doğurduğunu, Rusiya üçün isə açıq zəiflik göstəricisi və kəşfiyyat uğursuzluğu olduğunu qeyd edir.

Güler zərbə endirilən obyektlərin Rusiya üçün strateji əhəmiyyət daşıdığını bildirir: “Oleniya Hərbi Bazası Rusiyanın strateji bombardmançı təyyarələrinin havaya qalxdığı nadir və dəyərli bazalardandır. Açıq mənbə peyk görüntülərinə əsasən, bu hücum nəticəsində strateji bombardmançı təyyarələrin ciddi zərər gördüyü ehtimal olunur. Hal-hazırda məhdud sayda operativ hava qüvvəsi olan Rusiya ordusu üçün TU-95 kimi azsaylı təyyarələrin itirilməsi diqqətəlayiqdir. Bu vəziyyət Rusiyanın Ukraynaya qarşı uzun mənzilli raket hücum qabiliyyətini zəiflədəcək. Bundan əlavə, oxşar hücumların təkrar olunmaması üçün Moskvanın yeni müdafiə konsepsiyalarına yönəlməsi mümkündür”.


Amma burada Güler mühüm bir haşiyə də açır və bu əməliyyatı “çox böyük dönüş nöqtəsi”, “misilsiz hadisə”, “Moskvanın qərarlarını tamamilə dəyişəcək hadisə” kimi qiymətləndirən yanaşmalara qatılmadığını vurğulayır.

“Çünki bu ilk deyil” deyən Güler sözlərini belə tamamlayır: “Ukrayna daha əvvəl də Rusiyanın strateji bombardmançı təyyarələrini vurmuşdu. Bu təyyarələrin qalxdığı və yerləşdiyi hərbi bazalara da zərbələr endirmişdi. Eyni şəkildə genişmiqyaslı PUA hücumları da həyata keçirmişdi. Hətta bunların bəziləri Moskva ətrafında baş vermişdi.

Eyni zamanda Ukrayna daha əvvəl Rusiyanın dərinliklərində yerləşən kritik infrastruktur obyektlərini də məhv etmiş, ciddi maddi zərərlər vermişdi. Bu əməliyyat da həmin seriyanın davamıdır. Odur ki, strateji təsirini nəzərə alaraq bu hadisəni mövcud çərçivədən çıxarıb həddən artıq şişirtmək lazım deyil”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin