İki istiqamətli qalxan
Daşına bilən quruluşu ilə seçilən sistem həm PUA-ları, həm də radio tezliklə (RF) idarə olunan əldəqayırma partlayıcıları zərərsizləşdirmək qabiliyyətinə malikdir.
İHTAR 100 düşmən və ya icazəsiz uçan mini/mikro PUA-ların komanda, idarəetmə və naviqasiya tezliklərini qarışdıraraq hava təhdidlərini sıradan çıxarır, eyni zamanda RF siqnalları ilə işə salınan əldəqayırma partlayıcıların tezliklərini də pozaraq partladılmalarının qarşısını alır. Sistem müəyyən bir ərazini sanki görünməz bir təhlükəsizlik qalxanı ilə əhatə edir.
Daşına bilən, ağıllı və çevik
Çiyində daşına bilən (“manpack”) istifadəyə uyğun dizayn edilən İHTAR 100, eləcə də avtomobil üzərində və ya sabit obyektlərdə də yerləşdirilə bilər.
İstiqamətli və ya istiqamətsiz qarışdırma edə bilən sistem müəyyən olunan təhdidə uyğun tezliklərini avtomatik tənzimləyə bilir. Bəzi versiyalarda reaktiv və ağıllı siqnal qarışdırma alqoritmləri tətbiq edilir ki, bu da yalnız aşkarlanan tezliklərə müdaxilə etməklə enerji baxımından daha səmərəli müdafiə təmin edir.
Geniş tezlik diapazonu
Sistem VHF, UHF və SHF daxil olmaqla geniş RF spektrində effektivdir. 20 MHz-dən 6000 MHz-ə qədər müxtəlif versiyalar mövcuddur. Sürətli quruluş imkanı təqdim edən İHTAR 100 sahədə istifadəçiyə rahat interfeysi ilə minimum təlimlə istismar oluna bilir.
Həmçinin çətin iqlim şəraitinə davamlı olması onu sərhəd bölgələri və böhran zonalarında əvəzsiz edir.
Tam inteqrasiya
İHTAR 100 yalnız qarışdırma qabiliyyəti ilə deyil, inteqrə olunmuş radar, elektro-optik kameralar və komanda-idarəetmə infrastrukturu ilə də çoxistiqamətli təhlükəsizlik həlli təqdim edir. ASELSAN istehsalı olan ACAR radar ilə 0.5 m² RCS-ə (radar əks olunma sahəsi) sahib PUA-ları 5 km-dən aşkarlaya bilən sistem hədəf sinifləndirməsi, avtomatik izləmə və elektro-optik tanıma imkanı yaradır. Bu imkanlar sürü PUA hücumlarına qarşı da effektiv müdafiə təmin edir.
Yeniliklər
Sistem ASELSAN-ın “SEDA 100-cUAV” kimi akustik aşkarlama sistemləri ilə inteqrasiya edilərək passiv müşahidə qabiliyyəti də əldə edib. Eyni zamanda, sistemin müxtəlif versiyaları indiyə qədər ən azı dörd ölkəyə ixrac olunub.
ASELSAN İHTAR sistem ailəsini davamlı olaraq inkişaf etdirərək həm daxili tələbatı, həm də ixrac bazarını qarşılayan həllər təqdim etməyə davam edir.

Dəyanət Ağalarlı
Ordu.az