Pakistan Müdafiə Xərclərini Rekord Səviyyəyə Qaldırdı: Hindistanla Gərginlik Fonunda Yeni Addım

2025/06/1749707464.jpg
Oxunub: 704     20:30     12 İyun 2025    
Pakistan Hindistanla yaşanan hərbi qarşıdurmadan sonra müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Bu addım nüvə silahlarına sahib iki rəqib ölkə arasında ötən ay baş verən gərginlikdən sonra atılıb.

Pakistan Maliyyə naziri Məhəmməd Auranqzeb parlamentin aşağı palatasında çıxışı zamanı müdafiə büdcəsinin təxminən 20% artırılaraq 9 milyard dollara çatdırılacağını açıqlayıb. Bu artım son illərin ən böyük büdcə artımlarından biri hesab olunur və hökuməti subsidiyalar və digər sahələrdə xərcləri azaltmağa vadar edəcək.

Auranqzeb bu hadisəni “tarixi bir an” kimi qiymətləndirib və ölkənin təhlükəsizliyini təmin etmək üçün müdafiəyə prioritet verilməsinin vacibliyini vurğulayıb. Büdcənin parlament tərəfindən təsdiqlənməsi tələb olunur, lakin analitiklər bu prosesi əsasən formal xarakterli sayırlar.

Çindən yeni hərbi sistemlər

Pakistanlı rəsmilərin bildirdiyinə görə, əsas strateji tərəfdaşları olan Çin tərəfindən döyüş təyyarələri, raket əleyhinə müdafiə sistemləri və qabaqcıl müşahidə texnologiyaları daxil olmaqla yeni hərbi avadanlıqlar təklif olunub. Ötən ay baş verən toqquşmalarda Hindistan Pakistanın daxili bölgələrinə hava hücumları həyata keçirmiş, ölkənin hava müdafiə imkanları ciddi şəkildə sual altına düşmüşdü. Bu hücumlardan biri Ravalpindi şəhərində yerləşən hava bazasını hədəf almışdı.

Pakistanın müdafiə büdcəsi qonşusu Hindistanın 80 milyard dollardan artıq olan hərbi xərcləri ilə müqayisədə xeyli geri qalır. Lakin Pakistan may ayında yaşanan hava qarşıdurmasından sonra səmərəlilik və xərclərin effektivliyi üzərində qurulmuş hərbi üstünlüyünü ön plana çıxarır.

“Səmərəlilik, israfçılığı məğlub etdi”

Siyasətşünas Farrux Salem “The News International” qəzetində dərc olunan köşə yazısında Hindistanla Pakistan arasındakı hərbi qeyri-bərabərliyə diqqət çəkərək, “səmərəlilik, israfçılığı məğlub etdi” ifadəsini işlədib. Salem Pakistan cəmiyyətində bu qarşıdurmanın bir qələbə kimi dəyərləndirildiyini qeyd edib.

Pakistan qarşıdurma zamanı azı beş Hindistan hərbi təyyarəsini vurduğunu iddia edir. Vurulan təyyarələrdən ən az ikisinin fransız istehsalı olduğu ehtimal olunur. Hindistan isə itkiləri etiraf etsə də, dəqiq rəqəm açıqlamayıb.

İslamabaddakı rəsmilər bu uğuru Çin istehsalı olan müdafiə sistemlərinin Qərb texnologiyalarına qarşı üstünlüyünün sübutu kimi qiymətləndirir.

Açıqlanan büdcədə dövlət xərclərində təxminən 7%-lik azalma nəzərdə tutulur. Keçmiş maliyyə naziri Miftah İsmayıl dövlət qulluqçuları və seçilmiş rəsmilərin yüksək maaşlarının azaldılmasının vacib olduğunu bildirib. “Ordumuzu müasirləşdirmək vacibdir, amma əsas məsələ ağıllı xərcləməkdir”, - o deyə qeyd edib.

Baş nazir Şahbaz Şərif isə açıqlamasında adi vətəndaşların fədakarlıqlarını qəbul etdiyini bildirərək, “Zəngin təbəqələr nə qədər töhfə verir?” sualına elit kəsimin cavab verməli olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin