Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.
Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi “51-ci Zona” obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir hadisə ilə məhdudlaşmayıb.
Araşdırma ABŞ Konqresi tərəfindən yaradılmış AARO (All-domain Anomaly Resolution Office) ofisi tərəfindən aparılıb. Bu qurumun vəzifəsi hökumətin guya yadplanetli texnologiyalarının öyrənilməsi proqramlarını gizlətməsi barədə çoxillik inadlı şayiələri yoxlamaq olub. AARO-nun işi zamanı saxta sənədlərin yayılması, yeni zabitlərin UNO ilə bağlı mövcud olmayan məxfi layihələrə "təqdim edilməsi" və ictimai rəylə manipulyasiya halları aşkar edilib.
Xüsusi diqqət 1960-70-ci illərdə baş vermiş hadisələrə yönəldilib. O zaman Hərbi Hava Qüvvələrinin əməkdaşları guya "havada süzən obyektlər" tərəfindən törədilmiş nüvə raketlərinin sönməsini qeydə alıblar. Lakin AARO-nun nəticələrinə görə, belə sönmələrin səbəbi nüvə zərbəsinin nəticələrini simulyasiya edən elektromaqnit generatorlarının sınaqları olub.
Ordu.az