BAYKAR və ARCA Türkiyənin ən böyük ixracatçıları sırasında ön sıralarda qərarlaşıb

2026/06/1782497133.jpg
Oxunub: 275     22:03     26 İyun 2026    
Türkiyə İxracatçılar Məclisinin (TİM) hər il açıqladığı Türkiyənin ən böyük ixracatçıları siyahısında yerli müdafiə sənayesi şirkətləri BAYKAR və ARCA ön sıralarda yer alaraq diqqət çəkib.

Ordu.az xəbər verir ki, iqtisadiyyatın bütün sahələrinin daxil edildiyi ümumi ixrac reytinqində ARCA dördüncü, BAYKAR isə səkkizinci pillədə qərarlaşıb.

Müdafiə və aviasiya sənayesi üzrə ayrıca hazırlanan sektoral siyahıda isə ARCA birinci, BAYKAR ikinci yeri tutub.

TİM-in rəsmi məlumatlarına əsasən, milli texnologiya təşəbbüsünün nəticələri xarici ticarət göstəricilərində də öz əksini tapmağa başlayıb. Dünyanın müxtəlif ölkələrinə yüksək texnologiyalı məhsullar ixrac edən yerli şirkətlər avtomobil və tekstil sənayesinin bir sıra iri şirkətlərini geridə qoyub.

Ümumi ixrac sıralamasında əldə olunan nəticələr Türkiyə şirkətlərinin qlobal bazarlarda rəqabət qabiliyyətini və türk mühəndisliyinin nail olduğu səviyyəni bir daha nümayiş etdirib.

Müdafiə, hərbi texnologiyalar və aviasiya sənayesi üzrə hazırlanan xüsusi reytinqdə də ilk iki pillə dəyişməyib. Hər iki şirkətin hazırladığı yerli sistemlər beynəlxalq bazarda ən çox tələb olunan məhsullar sırasında yer alır.

Açıqlanan göstəricilərə görə, ARCA istehsal etdiyi məhsulların 100 faizini ixrac edir. BAYKAR isə gəlirlərinin 90 faizindən çoxunu xarici bazarlardan əldə edir.

Bu ixracyönümlü istehsal modeli şirkətlərə Türkiyə iqtisadiyyatına milyardlarla dollar həcmində valyuta daxilolması təmin etməyə və makroiqtisadi göstəricilərə müsbət təsir göstərməyə imkan verir.

BAYKAR-ın baş direktoru Haluk Bayraktar bildirib ki, şirkət fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt bank krediti, dövlət qrantı və ya nağd təşviq vəsaitindən istifadə etməyib.

Onun sözlərinə görə, şirkətin bütün layihələri tamamilə öz maliyyə resursları hesabına həyata keçirilib və inkişaf prosesi də yalnız daxili maliyyə imkanları hesabına davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAYKAR   ARCA   Türkiyə  


Bizi "telegram"da izləyin