Ordu.az xəbər verir ki, Pentaqonun rəsmi açıqlamasında “Strategic Mission Systems” şirkəti ilə E-4B təyyarələrinin texniki xidməti və modernləşdirilməsini əhatə edən, maksimal dəyəri 984 milyon dollar olan qeyri-müəyyən təhvil şərtli müqavilənin imzalandığı bildirilib.
Layihə çərçivəsində işlərin 2037-ci il iyunun 24-dək başa çatdırılması planlaşdırılır.
ABŞ Hərbi Hava Qüvvələri mövcud E-4B parkının istismar müddətinin başa çatması səbəbindən yaxın vaxtlarda yeni nəsil E-4C “Qiyamət Günü” təyyarələrinin hazırlanması istiqamətində də addımlar atıb.
Məlumata görə, Pentaqon mövcud təyyarələri əvəz edəcək E-4C proqramı üçün 2 milyard 200 milyon dollar büdcə ayrılmasını da istəyib. E-4B təyyarələri mümkün nüvə müharibəsi, qlobal münaqişə və ya yerdəki komanda mərkəzlərinin məhv edilməsi halında havada mobil qərargah funksiyasını yerinə yetirir.
Nüvə partlayışının yaratdığı yüksək temperatur və elektromaqnit impulslarından tam qorunan bu təyyarələr ABŞ Prezidenti, müdafiə naziri və yüksək rütbəli hərbi rəhbərliyə nüvə silahları da daxil olmaqla bütün ABŞ ordusunu havadan idarə etmək imkanı verir.
Sevinc Əliyeva
Ordu.az