Ekspertlər qeyd edirlər ki, Putin-Modi telefon danışığı Hindistan-Pakistan münasibətlərində gərginliyin kritik həddə çatdığı bir dövrdə baş tutub və komplekslərin satışı Rusiya tərəfindən Hindistana dəstək kimi qiymətləndirilə bilər. Kremlin rəsmi açıqlamasında Vladimir Putin Kəşmirdə baş vermiş terror aktını pisləyib və Hindistanın terrorizmlə mübarizə hüququnu tanıdığını bildirib. Pakistan isə bu hadisə ilə bağlı olmadığını bildirir.
Bununla belə, mayın 6-sı axşam saatlarında “Reuters” agentliyi öz mənbələrinə istinadla bildirib ki, Kəşmirin Pakistan nəzarətindəki hissəsində partlayışlar baş verib. Qısa müddət sonra Hindistan “Sindhur” adlı hərbi əməliyyatın başladığını elan edib və raket zərbələrinin guya terrorçuların mövqelərinə – Pakistan Silahlı Qüvvələrinin bazalarına deyil – endirildiyini bildirib.
Cavab olaraq Pakistan bildirib ki, Hindistan tərəfi tərəfindən təxribat xarakterli hücuma məruz qalıb və adekvat cavab tədbirləri görüb. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə bəyan edib ki, Hindistan genişmiqyaslı hücuma keçərsə və Pakistanın varlığı təhlükə altına düşərsə, “Yer kürəsində heç kim sağ qalmayacaq”. Qeyd edək ki, həm Pakistan, həm də Hindistan nüvə silahına malik dövlətlərdir.
Hindistan və Pakistan arasında gərginliyin istənilən an genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalı Türkiyə üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Pakistan Türkiyənin yaxın hərbi-siyasi müttəfiqidir. Son illərdə ekspert dairələrində Türkiyə-Azərbaycan-Pakistan hərbi ittifaqının formalaşması ehtimalı ciddi şəkildə müzakirə olunur. Pakistan artıq Azərbaycana silah tədarük edən, eyni zamanda hərbi əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalamış strateji tərəfdaşdır. Bu əməkdaşlıq Vətən müharibəsindən sonra Azərbaycanın Silahlı Qüvvələrinin, xüsusilə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə də öz müsbət təsirini göstərib.
Pakistanın müdafiə nazirinin nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi bəyanat daha çox siyasi təzyiq xarakteri daşıyır və ehtimal ki, beynəlxalq əsas aktorları vasitəçi rolunu üzərlərinə götürməyə sövq etmək məqsədi güdür. Ancaq Ukrayna müharibəsi və İsrail-Fələstin toqquşması nümunələri göstərir ki, müharibəyə başlamaq onu dayandırmaqdan daha asandır.
Gələn həftə ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri planlaşdırılır. Bildirilir ki, səfər Səudiyyə Ərəbistanından başlayacaq. Mətbuata sızan məlumata görə, Ər-Riyad Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş təşkil etməyi təklif edib. Hindistan-Pakistan hərbi toqquşmaları nə ABŞ, nə də xüsusilə Türkiyə rəhbərliyinin diqqətindən kənarda qala bilməz. Vaşinqton üçün Hindistanla münasibətlər prioritetdirsə, Ankara üçün Pakistanla qardaşlıq bağları və strateji öhdəliklər ön plandadır.
Bu həftə beynəlxalq və regional məsələlərlə bağlı ABŞ və Türkiyə, Rusiya və İran, Rusiya və Hindistan, Rusiya və İsrail liderləri arasında telefon danışığı baş tutub. Bu diplomatik təmasların bir-biri ilə əlaqəli və ya bir-birini tamamlayan xarakter daşıdığı ehtimal olunur. Lakin bu diplomatik “zəncirdə” bir “halqa” çatışmır – Rusiya və Türkiyə prezidentləri arasında hələlik birbaşa əlaqə qurulmayıb.
Çox güman ki, ABŞ prezidentinin Yaxın Şərq səfərindən öncə Putin və Ərdoğan arasında telefon danışığı baş tutacaq. Əgər belə bir danışıq baş verməzsə, bu, Rusiya prezidentinin Ukrayna münaqişəsinin nizamlanması prosesində Türkiyə prezidentinin iştirakına qarşı olduğu anlamına gələ bilər, halbuki ABŞ prezidenti məhz Ərdoğanın vasitəçiliyini sosial platformalarda açıq şəkildə dəstəkləmişdi.
Asif Cəfərov
Ordu.az