Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Yoxsulluğu yalnız öz ciblərində aradan qaldırıblar” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, ifrat yoxsulluğun 2023-cü ilə qədər aradan qaldırılması vəd edilsə də, həmin ildə Ermənistanda ifrat yoxsulluq nəinki yox olmayıb, əksinə daha da dərinləşib.
Rəsmi məlumatlara görə, 2018-ci ildə Ermənistanda əhalinin 1 faizi ifrat yoxsul hesab olunurdu. 2023-cü ildə isə ifrat yoxsulların sayı daha 0,1 faiz bəndi artaraq 1,1 faizə çatıb.
Məqalədə vurğulanıb ki, artıq 2026-cı il olsa da, Nikol Paşinyan hələ də ifrat yoxsulluğun aradan qaldırılacağından danışır.
“Ölkəmizdə ifrat yoxsulluq faktiki olaraq aradan qalxmaq həddindədir və əminəm ki, bunun rəsmi təsdiqi çox yaxın zamanda veriləcək”, - deyə Paşinyan Əmək Günü münasibətilə xalqa ünvanladığı müraciətdə bildirib.
Nəşr xatırladıb ki, ifrat yoxsulluğun aradan qaldırılması barədə vədlər əvvəlcə 2018-ci ildə, daha sonra isə 2021-ci il parlament seçkilərində verilib. Son məlumatlara əsasən, Ermənistanda əhalinin 0,6 faizi hələ də ifrat yoxsul olaraq qalır.
Məqalə müəllifinin sözlərinə görə, illər ərzində ifrat yoxsulluq cəmi 0,4 faiz bəndi azaldılıb. Belə ki, 2018-ci ildəki 1 faiz göstəricisi yalnız 0,6 faizə endirilib.
Bunun fonunda hökumətin yüksək maaş artımları və yüz minlərlə yeni iş yerlərinin yaradılması ilə bağlı bəyanatlar verdiyi qeyd olunub.
“Son illərdə əmək sahəsində ciddi uğurlar əldə etmişik. 2018-ci il xalq, qeyri-zorakı, məxməri inqilabından sonra Ermənistanda təxminən 280 min iş yeri yaradılıb. İnqilabdan sonra Ermənistan yüksək iqtisadi artım təmin edib və qeydə alınan göstəricilər həm dünya, həm də Avrasiya İqtisadi Birliyinin orta göstəricilərindən yüksək olub”, - deyə Paşinyan bildirib.
Nəşr isə bu rəqəmlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Bəzən hətta 300 min iş yerindən danışırlar. Halbuki rəsmi məlumatlara görə, 2018-ci ilin aprelində Ermənistanda təxminən 541 min qeydiyyatdan keçmiş iş yeri olub. Son dərc olunan məlumatlara əsasən isə bu rəqəm 784 min təşkil edib.
Bu göstəricilər arasındakı fərq 243 mindir, amma Nikol Paşinyan 280 min iş yerindən danışır. Hakimiyyət üçün görünür 37 min aşağı-yuxarı ciddi fərq sayılmır. Üstəlik, həmin iş yerlərinin böyük hissəsi əvvəlki dövrdə yaradılmış iş yerləridir”, - deyə məqalədə bildirilib.
Müəllif qeyd edib ki, məhz buna görə Ermənistanda nəinki ifrat yoxsulluq aradan qalxmayıb, hətta ümumi yoxsulluq səviyyəsi də ciddi şəkildə azalmayıb.
2018-ci ildə Ermənistanda rəsmi olaraq 27 min ifrat yoxsul olduğu bildirilib. Məqalədə qeyd olunub ki, bu qədər insanı ifrat yoxsulluqdan çıxarmaq elə də çətin görünməsə də, hakimiyyət bunu bacarmayıb.
Bildirilib ki, bütün iqtisadi artım və yeni iş yerləri barədə açıqlamalara baxmayaraq, hazırda Ermənistanda təxminən 20 min ifrat yoxsul yaşayır. Yoxsulluq səviyyəsinə gəldikdə isə, 650 mindən çox vətəndaşın hələ də yoxsul olduğu vurğulanıb.
Məqaləyə əsasən, 2018-ci ildə Ermənistanda əhalinin 23,5 faizi yoxsul olubsa, 2024-cü ildə bu göstərici 21,7 faiz təşkil edib. Bu müddətdə yoxsulluğun qiymətləndirilməsi meyarlarının iki dəfə dəyişdirildiyi qeyd olunub.
“Meyarların dəyişməsi statistik göstəricilərə təsir etsə də, yoxsulların real vəziyyətini dəyişməyib. Əhalinin sayı ilə yoxsulluq səviyyəsini müqayisə etdikdə məlum olur ki, 2018-ci ildə Ermənistanda təxminən 681 min yoxsul vətəndaş olub, 2024-cü ildə isə bu rəqəm 651 min təşkil edib. Altı il ərzində yoxsulların sayı cəmi 30 min nəfər azalıb. Bu isə uğur deyil, ciddi uğursuzluqdur”, - deyə məqalədə vurğulanıb.
Nəşr xatırladıb ki, 2018-ci il parlament seçkiləri üçün təqdim olunan seçki proqramında yoxsulluğun 10 faiz bəndi azaldılması, 2021-ci il seçkilərində isə iki dəfə azaldılması vəd olunub.
Məqalədə qeyd olunub ki, əgər 2018-ci il vədi yerinə yetirilsəydi, 2023-cü ildə Ermənistanda yoxsulluq səviyyəsi 13,5 faiz olmalı idi. Halbuki həmin vaxt göstərici 23,7 faiz olub və hətta 2018-ci ildəkindən də yüksək çıxıb.
“2021-ci ildə verilən vəd yerinə yetirilsəydi, hazırda yoxsulluq səviyyəsinin 12 faizdən aşağı olması lazım idi. Lakin son məlumatlara görə, bu göstərici 21,7 faizdir. Yoxsulluğu və ifrat yoxsulluğu məhz bu şəkildə “aradan qaldırıblar”. İndi isə növbəti seçkilər ərəfəsində yenidən ifrat yoxsulluğun aradan qaldırılacağından danışırlar. Halbuki bunu illər əvvəl etməli idilər”, - deyə müəllif yazıb.
Məqalədə bildirilib ki, hakimiyyət artıq əvvəlki seçki proqramlarında olduğu kimi ifrat yoxsulluğun aradan qaldırılması barədə vəd vermir, yalnız yoxsulluğun 5 faiz bəndi azaldılacağını bildirir.
“2018-ci ildə verilən vəd yerinə yetirilmədi, 2021-ci ildə verilən vəd də yerinə yetirilmədi, indi isə yeni vədlər verirlər. Əgər əvvəlki vədlər yerinə yetirilsəydi, Ermənistanda yoxsulluq səviyyəsi indi cəmi 5-6 faiz olmalı idi. Halbuki bu göstərici 21,7 faizdir”, - deyə nəşr vurğulayıb.
Müəllifin fikrincə, yoxsulluq yalnız hakimiyyət nümayəndələrinin şəxsi ciblərində azalıb.
“Onlar artıq əvvəlki kimi boş ciblərlə gəzən inqilabçılar deyillər. Xalqın sosial vəziyyətini inqilabi sürətlə yaxşılaşdırmaq əvəzinə, öz ciblərinin məzmununu və imkanlarını inqilabi sürətlə artırıblar.
Artıq yüz minlərlə dram maaş və bonuslarla kifayətlənmirlər, büdcədən milyonlarla vəsaiti öz ciblərinə yönəldirlər. Xalqa bir neçə “qəpik-quruş” verirlər, milyonları isə özləri mənimsəyirlər.
Buna görə də sadə insanların vəziyyəti yaxşılaşmır, onlar isə varlı həyat sürürlər. Guya xalqa təmənnasız xidmət etmək və insanların vəziyyətini yaxşılaşdırmaq üçün gəlmişdilər, amma öz vəziyyətlərini sürətlə yaxşılaşdırdılar, xalq isə yoxsulluq içində yaşamağa davam etdi”, - deyə məqalədə bildirilib.
Sonda vurğulanıb ki, 27 min insanı ifrat yoxsulluqdan çıxarmaq üçün illər lazım olubsa, bu templə 651 min yoxsulu yoxsulluqdan çıxarmaq üçün onilliklər tələb olunacaq.
Alpər Mövludoğlu
Ordu.az