Son günlərdə Kəşmirdə baş verən və onlarla insanın həyatına son qoyan hücum Hindistanla Pakistan arasında gərginliyin yenidən alovlanmasına səbəb olub. Hindistan mediası hücumun arxasında Pakistanın xüsusi xidmət orqanlarının dayandığına dair iddialar irəli sürüb, İslamabad isə qəti şəkildə buna etiraz edib. İki ölkə sərhədində qarşılıqlı atışmaların olması isə vəziyyətin sürətlə gərginləşdiyini göstərir. Belə bir məqamda Türkiyənin Pakistana hərbi dəstəyini artırması təsadüfi deyil.
Ankara bu addımı atmaqla bir neçə strateji məqsədi hədəfləyir. Birincisi, Pakistanla hərbi və siyasi ittifaqı daha da möhkəmləndirərək regionda öz təsirini artırmaq istəyir. İkincisi, Hindistanın Cənubi Qafqaz və Orta Asiya istiqamətində genişlənən nüfuzuna qarşı balans yaratmaq niyyətindədir. Hindistanın Cənubi Qafqazdakı aktivliyi, xüsusən Ermənistanla artan əlaqələri, Türkiyəni bu sahədə narahat edən amillərdən biridir. Ankara bu səbəbdən Hindistanın regional layihələrdə liderliyini məhdudlaşdırmaq üçün Pakistanı dəstəkləyir.
Üstəlik, Ankaranın siyasəti daha böyük bir strateji çərçivəyə oturur. Hindistanla Pakistan arasındakı gərginliyin artırılması bölgədə yeni güc nisbətləri yarada bilər və Ankara üçün Orta Asiyada daha əlverişli şərait formalaşdıra bilər. Ankara Orta Asiyada təsir dairəsini artırmaq üçün yeni imkanlar axtarır və bu regionda Hindistanın nüfuzunun zəifləməsi Türkiyənin maraqlarına cavab verir.
Qlobal miqyasda isə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Hindistana səfəri zamanı Kəşmirdə hücumun baş verməsi maraqlıdır. Bu, regiondakı proseslərin təsadüfi deyil, qlobal güclərin maraqları çərçivəsində yönləndirildiyini göstərir. ABŞ Hindistanı Çinə qarşı strateji tərəfdaş kimi dəstəkləyir və bu səbəbdən Hindistanın güclənməsi Vaşinqtonun maraqlarına uyğundur. Lakin digər tərəfdən, Türkiyə və Pakistanın qarşılıqlı əməkdaşlığı həm Hindistanın, həm də ABŞ-nin planlarına müəyyən maneələr yarada bilər.
Bütün bu proseslər fonunda Rusiyanın mövqeyi də diqqətə layiqdir. Rusiya açıq şəkildə Dehli-İslamabad qarşıdurmasında mövqe bildirməkdən çəkinir, lakin Rusiya kəşfiyyat rəhbəri Narışkinin Azərbaycana səfəri və Pakistana yaxın mesajlar verməsi Moskvanın da öz maraqlarını qorumağa çalışdığını göstərir. Rusiya üçün Pakistan mühüm ticarət marşrutlarının qorunması baxımından, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi kontekstində strateji tərəfdaş ola bilər.
Türkiyə bu mürəkkəb geosiyasi konfiqurasiyada çevik diplomatiya və hərbi dəstək vasitəsilə həm Pakistanla ittifaqını gücləndirir, həm də öz maraqlarını Cənubi Asiya və Orta Asiyada daha aktiv şəkildə müdafiə edir. Bu isə Ankaranın yalnız regional deyil, həm də qlobal miqyasda oyunçular sırasına daxil olma ambisiyalarını təsdiqləyir.
Bütün bu faktorlar fonunda Ankaranın Pakistana dəstəyi təkcə taktiki deyil, strateji bir qərardır və bu qərar Türkiyənin gələcəkdə Asiyada oynayacağı rolu müəyyən edəcək əsas addımlardan biri kimi qiymətləndirilə bilər.
Asif Cəfərov
Ordu.az