Ermənistanın sabiq müdafiə naziri: “Ölkəmiz ciddi təhlükələrlə üzləşə bilər”

2026/06/1781768998.jpg
Oxunub: 177     16:29     20 İyun 2026    
“Mövcud vəziyyətdən çıxış yolu siyasi rəhbərliyin tamamilə dəyişdirilməsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan Ermənistanın mövcud siyasi vəziyyətini və hakimiyyətin fəaliyyətini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, dövlət idarəetmə sistemində ən böyük problemlərdən biri çox vaxt hakimiyyəti qoruyub saxlamaq istəyinə çevrilir.

Karapetyan hesab edir ki, yüksək dövlət vəzifələri tutan şəxslər zaman keçdikcə onları hakimiyyətə daha da bağlayan siyasi və şəxsi maraqlar formalaşdırırlar.

O qeyd edib ki, nəticədə vəzifədən getmək və ya hakimiyyət dəyişikliyi son dərəcə çətin prosesə çevrilir.

Karapetyanın qiymətləndirməsinə görə, hazırda ölkədə yaranmış vəziyyətdən çıxışın əsas yolu siyasi rəhbərliyin tam şəkildə dəyişdirilməsidir.

“Son səkkiz il ərzində hakimiyyət öz imkanlarını tükədib və mövcud problemləri artıq qismən nailiyyətlərlə gizlətmək mümkün deyil. Yaxın dövrdə vətəndaşlar iqtisadi çətinliklərin təsirini daha aydın şəkildə hiss edəcəklər”, - deyə sabiq erməni nazir qeyd edib.

“Ümumerməni Cəbhəsi” hərəkatının lideri xarici iqtisadi siyasətə toxunaraq Ermənistan məhsullarının ənənəvi bazarlarını itirməsi ilə bağlı narahatlığını ifadə edib. O xatırladıb ki, Rusiya bazarı onilliklər ərzində erməni məhsullarının əsas istehlakçılarından biri olub və bu istiqamətdə yaranan problemlər uzunmüddətli nəticələrə səbəb ola bilər.

Karapetyanın sözlərinə görə, məsələ yalnız sərhəd və ya logistika maneələri ilə bağlı deyil, həm də bazar mövqelərinin itirilməsi ilə əlaqədardır və gələcəkdə həmin mövqelərin bərpası olduqca çətin olacaq.

Öz mövqeyini izah etmək üçün o, ticarət sahəsindən nümunə gətirib və bildirib ki, hər hansı qadağa olmasa belə, praktiki şərtlər elə formalaşa bilər ki, bazara daxil olmaq faktiki olaraq mümkünsüz olsun. Onun fikrincə, beynəlxalq iqtisadi münasibətlərdə də eyni məntiq fəaliyyət göstərir.

Karapetyan hakimiyyətin iqtisadi siyasətini də tənqid edib. O iddia edib ki, xarici bazarlarla bağlı mövcud təsəvvürlər çox vaxt səthi xarakter daşıyır və real çağırışlara uyğun gəlmir.

Karapetyanın qənaətincə, belə yanaşmalar ölkəni ciddi iqtisadi problemlərlə üzləşdirə bilər.

Sonrakı siyasi addımlardan danışan erməni hərəkat lideri vurğulayıb ki, istənilən mühüm proses ictimai iradəyə və hüquqi əsaslara söykənməlidir.

“Bu məqsədlə hərəkat üzvləri əvvəlki seçkilərin nəticələrinin etibarsız hesab olunması tələbi ilə imzatoplama kampaniyası aparırlar. Bu təşəbbüs cəmiyyətdəki narazılığın miqyasını və baş verən proseslərə münasibəti ortaya qoymalıdır”, - deyə o qeyd edib.

Karapetyan hesab edir ki, mövcud tendensiyalar davam edərsə, Ermənistan ciddi təhlükələrlə üzləşə bilər. O əmindir ki, regional və geosiyasi proseslərin mürəkkəbləşdiyi indiki şəraitdə ölkə maraqlarının qorunması daha səmərəli və hesablanmış dövlət siyasəti tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin