Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan geosiyasi magistralda” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bu məqsədlə xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi səhər yeməyi formatlı müzakirəyə istinad edilir.
“Hakimiyyət Avropa İttifaqının Ermənistanı “Rusiyanın seçkilərə təsir göstərmək məqsədilə tətbiq etdiyi təzyiqlərə qarşı dəstəkləyəcəyini” vurğulayır və Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun iyulun 5-də gözlənilən səfərini “Rusiya imperialist təzyiqlərindən xilas yolu” kimi təqdim edir
Cəmiyyətin yalnız təbliğatla qidalanan hissəsi üçün bu yanaşma kifayət qədər cəlbedici görünə bilər. Lakin bu təsvirlər reallığı əks etdirmir və son illərdə Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin riskli mahiyyətini ortaya qoyur.
Hakimiyyət Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu guya sivilizasiya və dəyərlər seçimi kimi təqdim edir. Eyni zamanda bunun müvəqqəti deyil, strateji xarakter daşıdığı vurğulanır.
Əgər Avropa İttifaqına doğru hərəkət həqiqətən strateji məqsəd olsaydı, son illərdə bunun üçün konkret hazırlıq işləri görülərdi. Hesablamalara əsaslanan addımlar atılar, Rusiyadan asılılığı azaltmaq üçün alternativ mexanizmlər yaradılardı. Halbuki rəsmi statistika göstərir ki, Ermənistanın yalnız ixrac sahəsində Rusiyadan asılılığı təxminən 40 faizə çatır, bir çox istiqamətlərdə isə Rusiya amilinin erməni biznesinə təsiri üçdə ikiyə qədər yüksəlir”, - deyə nəşr yazıb.
Müəllif hesab edir ki, bu göstəricilər Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətinin sistemli strategiyadan çox, geosiyasi şəraitdən qaynaqlanan situativ addım olduğunu göstərir.
“Bu, sadəcə olaraq geosiyasi bazarlıq şəraitində öz siyasi qiymətini qorumağa yönəlmiş son cəhddir və nəticədə Ermənistanın subyektliyinin daha da zəifləməsinə gətirib çıxarıb”, - deyə məqalədə bildirilir.
Nəşr daha sonra Nikol Paşinyanın rəhbərliyi dövründə Ermənistanın tarixi və siyasi kimliyi ilə bağlı yanaşmaları da tənqid edib.
“Bir neçə il ərzində Nikol Paşinyan Ermənistan və erməni xalqı üçün “haradan gəlirik və hara gedirik” sualının mənasını dəyişib. Ermənistan tarixini elə təqdim edib ki, ermənilər sanki keçmişsiz və mənşəsiz bir topluluq kimi göstərilir”, - deyə müəllif vurğulayıb.
Məqalədə qeyd olunur ki, formal olaraq suverenlikdən danışan Ermənistan əslində real siyasi müstəqillik problemləri ilə üz-üzədir.
“Bu şəraitdə “hara gedirik?” sualından daha çox “bizi hara aparırlar?” sualı aktuallaşır. Bu vəziyyət müəyyən mənada qanunauyğun nəticədir və öz ölkəsini siyasi məsuliyyət daşımayan qüvvələrin ixtiyarına verən cəmiyyətlər üçün xarakterik proses hesab oluna bilər.
Xalqlar özlərinə fəlakətlər gətirmiş qüvvələri siyasi səhnədən uzaqlaşdırmaq əvəzinə, dövlətin taleyini geosiyasi vasitəçilərin əlinə verdikdə belə nəticələrlə üzləşirlər”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az