Sabiq erməni məmur: “Qeyri-legitim hakimiyyət damğası Paşinyanın üzərində qalacaq”

2026/06/1781858227.jpg
Oxunub: 178     17:13     20 İyun 2026    
“Bu seçkilərdə qalib gələn reallıq deyil, illüziya oldu. Nikol Paşinyan nəinki konstitusiya çoxluğu əldə edə bilmədi, həm də legitimlik problemi ilə üz-üzə qaldı. Qeyri-legitim hakimiyyət damğası onun üzərində qalacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sabiq sədri, iqtisad elmləri namizədi, “Birliyin Qanadları” Partiyasının İdarə Heyətinin üzvü David Ananyan deyib.

Ananyanın sözlərinə görə, müxalifət Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət edərkən, seçki gecəsi Nikol Paşinyanın qələbəsini vaxtından əvvəl elan etməsini də əsas kimi göstərib.

“Seçki gecəsi saat 02:00-da Paşinyanın özünü qalib elan etməsi əslində Mərkəzi Seçki Komissiyasına verilmiş göstəriş idi. Seçkiöncəsi repressiyaların nəticəsində biz seçki saxtakarlıqlarının kütləvi və biabırçı tətbiqini gördük. Bu, xalqın əhval-ruhiyyəsinin ifadəsi yox, “qələbə görüntüsü” yaratmaq cəhdi idi”, - deyə o bildirib.

Ananyan hesab edir ki, seçkilərin nəticələri Paşinyan üçün siyasi kabusa çevrilib.

“Paşinyan nə konstitusiya çoxluğu əldə edib, nə də legitimlik qazana bilib. O, Azərbaycanın ondan gözlədiyi dəyişiklikləri həyata keçirəcək siyasi imkan əldə etməyib. Eyni zamanda beynəlxalq medianın əhəmiyyətli hissəsi də onun legitimlik problemi yaşadığını qeyd edir”, - deyə sabiq erməni məmur vurğulayıb.

Onun sözlərinə görə, Paşinyan hələ də Ermənistan cəmiyyətinin böyük hissəsinin ona qarşı olduğunu qəbul etmək istəmir.

“Qeyri-legitim hakimiyyət damğası Paşinyanı çox ciddi şəkildə narahat edir. O, indiyədək xalqın onu sevmədiyini qəbul etməyib”, - deyə Ananyan bildirib.

Erməni iqtisadçı qeyd edib ki, Paşinyan hazırda müxtəlif geosiyasi mərkəzlərin təzyiqləri arasında qalıb.

“Paşinyan Krılovun məşhur təmsilindəki qəhrəmanın vəziyyətinə düşüb. Müxtəlif tərəflər onu öz istiqamətlərinə çəkirlər və o, hamını razı salmağa çalışır”, - deyə o qeyd edib.

Ananyanın fikrincə, hazırda Moskva ilə müəyyən siyasi sövdələşmələr gedir.

“Əgər Paşinyan Rusiyanın minimum tələblərini qəbul etsə, Moskva seçkilərin nəticələrini tanıya bilər. Amma Rusiyanı razı salmaq Avropa ilə problem yaşamaq deməkdir. Bu vəziyyətə görə məsuliyyət Paşinyanın üzərindədir, lakin nəticələrini bütün Ermənistan və onun dövlətçiliyi ödəyəcək”, - deyə o bildirib.

Müxalif erməni siyasətçi seçkilərdə müxalifətin səslərinin mənimsənildiyini də iddia edib.

“Paşinyan müxalifətin 8-10 faiz səsini oğurlayıb. Biz hüquqi prosedurları sona qədər davam etdirəcəyik. Bu seçkilərin nəticələri ləğv edilməlidir, çünki onlar legitim deyil”, - deyə Ananyan vurğulayıb.

O, Mərkəzi Seçki Komissiyasının iyunun 14-də keçirilən iclasını da sərt tənqid edib.

“Komissiyanın iclası inzibati baxımdan uğursuz idi. Komissiya üzvləri özlərinin kobud qanun pozuntularına yol verdiklərini anlayırdılar. Qəbul edilən inzibati akt tamamilə qanunsuzdur”, - deyə o bildirib.

Ananyan Azərbaycanın gözləntilərini anlamaq üçün Azərbaycan rəsmilərinin bəyanatlarına diqqət yetirməyin vacib olduğunu da qeyd edib.

“Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov açıq şəkildə deyir ki, Paşinyanın qələbəsinə sevinməməlidirlər, çünki o, Ermənistan Konstitusiyasını dəyişmək üçün kifayət qədər səs toplamayıb. Bu isə Azərbaycan üçün mühüm məsələdir”, - deyə o bildirib.

Erməni siyasətçi mümkün növbədənkənar seçkilər ehtimalına da toxunub.

“Bu gün seçkilərin nəticələri Konstitusiya Məhkəməsində mübahisələndirilir. Eyni zamanda hakimiyyət “Referendum haqqında” qanuna və Seçki Məcəlləsinə dəyişikliklər hazırlayır. Məqsəd gələcək seçkilərdə yenidən üstünlük qazanmaqdır”, - deyə Ananyan qeyd edib.

Onun fikrincə, sentyabr ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna deyil.

Ananyan iqtisadi vəziyyətin də sürətlə pisləşdiyini bildirib.

“Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlər iyul-avqust aylarında ən yüksək həddə çatacaq. İnsanlar həmin dövrdə bunun ağır nəticələrini hiss edəcəklər”, - deyə o vurğulayıb.

Sabiq erməni komitə sədri Ermənistanın enerji siyasətini də tənqid edib.

“Ən azı ağıllı olmaq lazımdır ki, “Azərbaycandan qaz idxal edəcəyik” deməyəsən. Bunun üçün heç bir infrastruktur yoxdur. Hətta belə sistem qurmaq mümkün olsa belə, buna minimum beş il lazımdır. Bəs həmin beş il ərzində nə edəcəksiniz? Xalq nə edəcək?”, - deyə Ananyan bildirib.

O qeyd edib ki, Ermənistanın enerji sistemində Rusiyanın rolu dəyişməz olaraq qalır.

“Ermənistan nüvə enerjisi istehsal edən ölkədir. Energetika sistemində və bu sahə ilə bağlı bütün məsələlərdə Rusiya masa arxasında oturan əsas tərəflərdən biridir və bu, dəyişməyən reallıqdır”, - deyə o vurğulayıb.

Ananyan Avropa istiqamətində verilən vədlərin də real nəticə verməyəcəyini düşünür.

“Bu gün deyirlər ki, gömrük rüsumlarını azaldacağıq və erməni məhsulları Avropaya daxil olacaq. Amma Avropa həmin məhsulları qəbul edəcəkmi? Standartlaşdırma məsələsi var. Bu proseslər bir gündə baş vermir. Bunlar hakimiyyətin nümayiş xarakterli addımlarıdır”, - deyə o bildirib.

Sonda Ananyan Ermənistan cəmiyyətində dəyərlər böhranının yaşandığını qeyd edib.

“Biz ciddi dəyərlər böhranı yaşayırıq. Məni ən çox xalqımızın dəyərlər baxımından deqradasiyası narahat edir. İnsanlar gedib öz yoxluqlarını, öz fəlakətlərini seçirlər”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ananyan   Ermənistan  


Bizi "telegram"da izləyin