Erməni politoloq: “Rusiya və ABŞ arasında Ermənistan seçkiləri ilə bağlı müəyyən razılaşma olub”

2026/06/1781858167.jpg
Oxunub: 177     17:35     20 İyun 2026    
“Paşinyan hazırda legitimlik əldə etmək üçün əsasən Türkiyə və Azərbaycandan dəstək almağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Erməni politoloq xatırladıb ki, Nikol Paşinyan bir gün əvvəl parlamentdə hökumətlə sual-cavab zamanı Hikmət Hacıyevin səfərinə toxunaraq Ermənistanın vəziyyətinə “xarici gözlə baxmaq lazım olduğunu” bildirib.

Danielyan hesab edir ki, son bəyanatlar Paşinyanın daha əvvəl səsləndirdiyi fikirlərin davamıdır.

“Bu, şantajdır. Paşinyan həmin şantaj vasitəsilə yenidən hakimiyyətə gəlməsinə ideoloji əsas yaratmağa çalışır. O, əvvəl də deyirdi ki, əgər seçilməsə, müharibə olacaq, müxalifət müharibə tərəfdarıdır, revanşist qüvvələr mövcuddur və s. İndi də eyni tezisləri təkrarlayır”, - deyə erməni politoloq bildirib.

Danielyanın sözlərinə görə, hazırkı seçkilərin legitimliyi ilə bağlı ciddi suallar mövcuddur.

“Bu seçkilərlə bağlı ciddi arqumentlər var və Paşinyanın legitimliyi mübahisə predmetidir. Təsadüfi deyil ki, hətta Ermənistanda Qərbin təsiri altında olan bəzi qurumlar da seçkilərin nəticələrini mübahisələndirirlər”, - deyə o vurğulayıb.

Erməni politoloq hesab edir ki, Rusiya və ABŞ arasında Ermənistan seçkiləri ilə bağlı müəyyən razılaşma olub və beynəlxalq tərəflər cəmiyyətin seçiminə müdaxilə etməməyə üstünlük veriblər.

Onun fikrincə, seçki prosesində xüsusilə üç seçki məntəqəsində baş verən hadisələr diqqət çəkir.

“Üç seçki məntəqəsində səslərin ləğv olunması parlamentin formalaşmasına təsir göstərib və bu, açıq pozuntu kimi qiymətləndirilə bilər”, - deyə Danielyan qeyd edib.

Erməni politoloq daha sonra bildirib ki, həm Rusiya, həm də Qərb, xüsusilə ABŞ Paşinyana seçkilərin problemli olduğunu açıq şəkildə göstərib.

“Paşinyan göstərmək istəyir ki, baxın, biz dialoq aparırıq. O, Türkiyə və Azərbaycandan müəyyən siyasi dəstək almağa çalışır”, - deyə Danielyan bildirib.

Danielyan Paşinyanın “əgər seçkilər saxtalaşdırılıbsa, niyə meydanlar boşdur?” sualına da münasibət bildirib.

“Seçkilər vasitəsilə legitimlik əldə edə bilməyən Paşinyan düşünür ki, bunu küçədə qazana bilər. O hesab edir ki, müxalifət küçəyə insan çıxara bilməyəcək, özü isə bundan istifadə edə biləcək”, - deyə o qeyd edib.

Erməni politoloqun fikrincə, müxalifət bu məsələdə Paşinyanın gündəliyinə uyğun davranmamalıdır.

“Paşinyan istəyir ki, müxalifət insanları küçəyə çıxarsın. Hesab edirəm ki, müxalifət buna getməməlidir. Zaman onun əleyhinə işləyir və küçə etirazları daha sonra baş verə bilər. Paşinyanın müəyyən etdiyi gündəliklə hərəkət etmək düzgün deyil”, - deyə Danielyan bildirib.

O əlavə edib ki, gələcəkdə küçə etirazlarının baş verməsi mümkündür.

“Paşinyanın fəaliyyət tərzini nəzərə alsaq, küçə mübarizəsi olacaq. Ancaq bu, iqtisadi vəziyyət daha da ağırlaşdıqdan və insanlar onun özləri və ölkə üçün hansı taleyüklü problemlər yaratdığını tam anladıqdan sonra baş verəcək”, - deyə Danielyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin