Çin yeni silah sistemləri istehsalını dayandırmır. Bu, Pekinin ABŞ ilə rəqabət aparmaq və nəticədə onu dominant qlobal güc kimi sıxışdırıb çıxarmaq istiqamətində davam edən strategiyasının bir hissəsidir. Çinlilərin təqdim etdiyi belə yeni sistemlərdən biri dövlətə məxsus NORINCO və “China South Industries Group” tərəfindən birgə hazırlanmış, nəqliyyat vasitəsinə quraşdırılmış yüksək güclü mikrodalğalı silah olan “Hurricane 3000”dir.
PUA müharibəsinin geniş yayıldığı və onlara qarşı texnologiyaların fasiləsiz inkişaf etdirildiyi bir dövrdə “Hurricane 3000” fərqli yanaşma ortaya qoyur. Çünki bu sistem əsasən PUA sürülərinə qarşı nəzərdə tutulub. Müasir təhlükənin əsas mahiyyəti də budur: PUA-lar kütləvi şəkildə tətbiq edilərək müdafiə xətlərini aşa bilər.
“Hurricane 3000” ilə tanış olun: Çinin mikrodalğalı silahı
“Hurricane 3000” belə prinsipə əsaslanır ki, tək və ya bir neçə PUA-ya qarşı müdafiə kifayət deyil. NORINCO və “China South Industries Group”un konstruktorları eyni anda çoxsaylı hədəflərə qarşı müdafiəni təmin etməyi qarşılarına məqsəd qoyub.
Belə çətin vəzifəni yerinə yetirməyin mümkün yolu geniş əraziyə eyni vaxtda yayılan istiqamətləndirilmiş enerjidən istifadə etməkdir. Bu yanaşma sürü halında fəaliyyət göstərən PUA-ların bort elektronikasını eyni anda sıradan çıxara bilər.
Güclü və fokuslanmış mikrodalğa enerjisi impulsları tətbiq etməklə “Hurricane 3000” PUA-larının uçuş idarəetmə, naviqasiya, sensor və bort məlumat ötürmə sistemlərini yükləyir və pozur. Elektromaqnit impulsları bu texnologiyanın əsasını təşkil edir.
Belə sistem kinetik önləyici vasitələrlə müqayisədə daha səmərəlidir və böyük ehtimalla daha qənaətcildir, çünki fiziki sursatla məhdudlaşmır, əsas məhdudiyyət enerji təminatıdır.
Çin konstruktorları sistemi səkkiz təkərli ağır yük maşınının şassisinə quraşdırıb, enerji mənbəyi, soyutma sistemləri, müstəvi mikrodalğa ötürücüsü, həmçinin radar və optik avadanlıqla təchiz edib.
Çin bu ayın əvvəlində “Hurricane 3000” sistemini ictimaiyyətə təqdim edib və “Army-Recognition”a görə, silah artıq əməliyyat istifadəsinə verilib. Sistem Çin bölmələrinə inteqrasiya olunur. Bu, Çin Xalq Azadlıq Ordusunun həyata keçirdiyi daha geniş modernləşmə proqramının bir hissəsidir və qəlpə və əlavə zərər yaratmayan “yumşaq məhvetmə” yanaşmasını təklif edir.
“Hurricane 3000” təkbaşına ayrıca sistem deyil. Müəyyən mənada bu, “sistemlər sistemi”dir, müharibə zamanı düşmən PUA-larının Çin qüvvələrinə zərər vurmasının qarşısını almağa yönəlmiş daha geniş və mürəkkəb hava hücumundan müdafiə sistemləri şəbəkəsinin mühüm elementidir.
Beləliklə, sistem raketlər, lazerlər və digər radioelektron mübarizə vasitələri ilə birlikdə fəaliyyət göstərəcək.
Bundan əlavə, “Hurricane 3000”un əsas məqsədi yalnız lokal nöqtə müdafiəsi deyil, geniş əraziyə girişin qarşısını almaqdır. Bu isə döyüş meydanına daha geniş nəzarətə keçidi göstərir. I”nteresting Engineering”in mövzu ilə bağlı məlumatına əsasən, digər qabaqcıl Çin hava hücumundan müdafiə sistemləri ilə birlikdə bu yanaşma Çinin əhəmiyyətli antidron qabiliyyəti formalaşdırdığını göstərir.
Əgər ABŞ və onun tərəfdaşları, o cümlədən Tayvan Çin ilə silahlı münaqişəyə cəlb olunarsa, Çin qüvvələrinə qarşı planlaşdırılan bir çox hücum strategiyaları, xüsusilə zərbə tipli pilotsuz uçuş aparatlarının tətbiqi, “Hurricane 3000” kütləvi istehsal edilərək Tayvana və onun amerikalı müttəfiqlərinə qarşı geniş şəkildə yerləşdirilərsə, yenidən nəzərdən keçirilməli olacaq.
“Asia Times”dan Qabriel Honrada qeyd edir ki, Tayvanla bağlı mümkün ssenaridə Çin doktrinası Tayvan və müttəfiq kəşfiyyat, müşahidə və hədəf müəyyənləşdirmə (ISR) PUA-ların sürətli zərərsizləşdirilməsini nəzərdə tutur. Bu addım situasiya məlumatlılığını ciddi şəkildə azalda və Çin təcavüzünə qarşı effektiv reaksiyanı gecikdirə bilər.
“Hurricane 3000” və Çinin A2/AD strategiyasının son mərhələsi
Honradanın fikri ilə razıyıq ki, “Hurricane 3000” Çinin daha geniş girişin məhdudlaşdırılması və zonaya buraxmama (A2/AD) mövqeyi ilə uyğunluq təşkil edir. Qeyd edək ki, bu mövqe Pentaqonun son “Overmatch Briefing” qiymətləndirməsində Tayvan uğrunda Çin ilə mümkün müharibənin ABŞ hərbi məğlubiyyəti ilə nəticələnəcəyi qənaətinə gəlməsinin əsas səbəblərindən biridir. Çinin güclü və artmaqda davam edən regional A2/AD imkanları bu hipotetik qələbənin əsas faktorudur.
Digər tərəfdən, ABŞ və digər Qərb orduları da oxşar sistemlər hazırlayır. THOR və Leonidas bu sistemlərdən yalnız ikisidir. Lakin bu platformalar hələ inkişaf mərhələsindədir və prototip səviyyəsindədir. Bu, Çinlilərin amerikalıları bir daha qabaqladığı sahələrdən biridir.
Yüksək güclü mikrodalğalı silahlar göstərir ki, yüksək intensivlikli münaqişələr elektromaqnit spektrinə nəzarət ətrafında cəmləşəcək. Radioelektron müdaxilə, siqnalın saxtalaşdırılması, sistemlərin qorunması və istiqamətləndirilmiş enerji silahları artıq müharibənin əsas sahələrinə çevrilib.
Bir neçə il əvvəl Pentaqonda elektromaqnit spektri üzrə ayrıca qüvvə, yəni “Space Force” və ya Hərbi Hava Qüvvələrinin öz sahələrində gördüyü işi elektromaqnit spektrində həyata keçirən struktur yaradılması ideyası müzakirə olunurdu. Bu, həmin sahəni qorumağı və ABŞ ordusunun oraya maneəsiz çıxışını təmin etməyi nəzərdə tuturdu.
Bu ideya həyata keçirilmədi. On il sonra aydın olur ki, həmin təklif daha ciddi qəbul edilməli idi. Pekin elektromaqnit spektrindən istifadə və onu pozmaq imkanının dəyərini vaxtında dərk edib. Ümid edək ki, ABŞ-nin bu sahədəki boşluğu Çin ilə real müharibə şəraitində bizə və ya müttəfiqlərimizə baha başa gəlməyəcək.
Dəyanət Ağalarlı
Ordu.az