İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun təqdim etdiyi məlumata görə, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. “Qurğu qəlpə elementləri ilə təchiz olunmuşdu”, - deyə Petrenko bildirib. TASS-ın müxbiri hadisə yerinin polis tərəfindən mühasirəyə alındığını və partlayış texnikası üzrə mütəxəssislərin araşdırmaya başladığını xəbər verib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verən hadisəni “terror aktı” adlandırıb. TASS təsdiqləyib ki, “general-leytenant Moskalik qətlə yetirilib”.
Son iki ay ərzində bu, Rusiyanın yüksək rütbəli hərbçisinin öldürülməsi ilə bağlı ikinci hadisədir. Üstəlik, Moskalik məsələsində söhbət Silahlı Qüvvələrin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavinindən gedir. Belə vəzifə tutan zabitlər Baş Qərargah və Baş Kəşfiyyat İdarəsinin rəhbərlərindən sonra ən yüksək qorunan hərbi şəxslər arasında olurlar.
Şübhə yoxdur ki, Moskva bu qətlin məsuliyyətini Ukraynanın xüsusi xidmət orqanlarının üzərinə atacaq. İstisna deyil ki, ittihamlar Avropa ölkələrinə də yönələcək. Vəziyyət olduqca intriqalıdır: bir gün əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi ilə telefon danışığı apardığını bildirmişdi, hətta yaxın gələcəkdə onunla görüşə biləcəyini də istisna etməmişdi.
Qeyd edilməlidir ki, Rusiya Baş Qərargahının yüksək rütbəli zabitinin avtomobili partladılan zaman, məlumatlara görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff da Moskvaya gəlmişdi. Qərb mediasında bildirilmişdi ki, Uitkoff Vladimir Putinə Donald Trampın son təklifini təqdim edəcək: Krımı Rusiyaya, qalan əraziləri isə Ukraynaya vermək.
Bu məlumatın nə dərəcədə etibarlı olduğunu söyləmək çətindir, lakin Trampın xüsusi nümayəndəsi Uitkoffun qiymətləndirməsinə görə, hər iki tərəf ərazi güzəştlərinə hazır olmalıdır. Moskalikin öldürülməsi ehtimal ki, Rusiya-ABŞ danışıqlarını tamamilə pozmayacaq, lakin tərəflər arasındakı etimadı daha da sarsıdacaq və vəziyyəti dərinləşdirəcək. Xüsusi xidmət rəhbərlərinin telefon danışığından bir gün sonra tərəflərdən birinin paytaxtında yüksək rütbəli hərbçinin qətlə yetirilməsi hadisəsi izsiz ötüşə bilməz. Dövlətlər adətən bir-birinə kəşfiyyat məlumatlarının mübadiləsi səviyyəsində etibar edirlər. Və əgər MKİ Moskalikə qarşı terror aktı barədə məlumatlı deyildisə belə, Moskvada onu “bilmək və xəbər verməmək” şübhəsi ilə qarşılayacaqlar.
General-leytenant Moskalikin qətli, şübhəsiz ki, Rusiya xüsusi xidmət orqanlarının nüfuzuna böyük zərbə vurdu. Vladimir Putin hansı qərarı verəcək? Mətbuat bir neçə dəfə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Bortnikovun təqaüdə göndərilə biləcəyini yazıb.
Asif Cəfərov
Ordu.az