Ordu.az xəbər verir ki, bu barədə “ekathmerini” məlumat yayıb.
İlk F-35 qırıcılarının Yunanıstandakı “Andravida” aviabazasına növbəti onilliyin əvvəlində gəlməsi gözlənilsə də, proqramın mürəkkəbliyi və yüksək tələbləri səbəbindən təlim prosesinə erkən başlanılır.
Pilot hazırlığının birinci mərhələsi Arizonadakı “Luke” aviabazasında baş tutacaq. İki yerlik versiyası olmayan F-35 üçün pilotlar ilk uçuşundan əvvəl ən azı 192 saat simulyator hazırlığı almalıdırlar.
Texniklər Floridadakı “Eglin” aviabazasında rəqəmsal modellər və maketlər üzərində işləməklə, öz təlimlərinə başlayacaqlar.
Paralel olaraq Yunanıstan HHQ-nin rəsmiləri F-35-in beynəlxalq tərəfdaşlarını idarə edən Birgə Proqram Ofisinə (JPO) qoşulmaq üçün yaxın günlərdə Vaşinqtona gedəcək.
Buradan rəsmilər proqramın gedişatına nəzarət edəcək, çatdırılma, dəstək və inteqrasiya detallarını əlaqələndirəcəklər.
Mənbələr proqramın qrafik üzrə irəlilədiyini və istehsal prosesinə başlamaq üçün “Lockheed Martin” ilə ABŞ hökuməti arasında razılaşmanın tezliklə imzalanacağını bildirir.
Bu arada Afina Türkiyənin yenidən F-35 proqramına daxil olma ehtimalını yaxından izləyir. Ankara qrafikə salınsa belə, hazırkı istehsal sifarişinə görə təyyarələrin Yunanıstandan əvvəl çatdırılması gözlənilmir.
Sevinc Əliyeva
Ordu.az