Rusiya Şimali Koreyanın M1991 YARS-ını cəbhə xəttinə göndərib - VİDEO

2025/04/1745644908.jpg
Oxunub: 649     11:20     27 Aprel 2025    
Yeni görüntülər Rusiyanın Ukraynada Şimali Koreya istehsalı olan M1991 240 mm-lik Yaylım Atəşli Reaktiv Sistemlərini (YARS) tətbiq etdiyini üzə çıxarıb.

Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynada Şimali Koreyanın M1991 240 mm-lik YARS-larından istifadə etdiyinə dair ilk görüntülər ortaya çıxıb.

Ukraynalı müdafiə jurnalisti Yuri Butusovun yayımladığı kadrlarda Rusiyanın silah-sursat anbarında M1991 sistemindən buraxılan qurğu əks olunub.

Ukrayna tərəfi 2025-ci ilin yanvarına qədər Rusiyaya 100-dən çox sistemin təhvil verildiyini və yeni yüklərin gözlənildiyini bildirib.

Hərbi analitik Yost Oliyemans qeyd edib ki, silahın Şimali Koreyanın 240 mm-lik YARS-ı olduğu aydın şəkildə müəyyən edilə bilər.

Oliyemans bildirib ki, bu sistem 2024-cü ilin may ayında Şimali Koreyanın “Pyeonghwa” Mühərrik Zavodunda nümayiş etdirilən M1991 modelinin daha təkmil versiyasıdır.

“Göstərilən 100-ə yaxın nümunənin xüsusi olaraq Rusiya üçün istehsal olunduğu və hamısının oraya göndərilməsi tamamilə mümkündür”, - deyə Oliyemans vurğulayıb.

Analitik deyib ki, əvvəllər bu sistemlərin Rusiyaya göndərilməsi ilə bağlı kəşfiyyat məlumatı olub, lakin bu görüntülər ilk təsdiqlənmiş sübutdur.

Yeni yayımlanan kadrlarda sistemin yaxınlığında olan şəxsin Şimali Koreya istehsalı olan buraxılış qurğusunu “Koreya Uraqanı” adlandırdığı eşidilir.

Mütəxəssis izah edib ki, M1991 modeli Sovet istehsalı olan “BM-27 Uraqan” sisteminin bazası əsasında hazırlanıb və 22 lüləli quruluşu ilə bu sistemi xatırladır. Bununla belə, Oliyemans yeni versiyanın mənzil və dəqiqlik baxımından təkmilləşdirildiyini bildirib: “Maksimum 67 kilometr mənzil ilə dəqiq zərbələr endirə bilər”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin