Ukrayna Çin vətəndaşlarını əsir götürüb
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusu tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb. Bu barədə ötən gün prezident Volodimir Zelenski məlumat verib.
Çin vətəndaşlarının Rusiya tərəfində döyüşməsinin ortaya çıxması müharibənin beynəlxalq miqyasda genişlənməsinə dair narahatlıqları artırır və hərçənd ki, bunun daha geniş yayılmış bir tendensiya olub-olmadığı bəlli deyil, hadisə özü eskalasiya ehtimalını gündəmə gətirir.
Ukraynanın Çin əsirləri
Zelenski çərşənbə axşamı açıqlamasında bildirib ki, Ukrayna qüvvələri Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını ələ keçirib.
“Ordumuz Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını əsir alıb. Bu, Donetsk vilayətində - Ukrayna ərazisində baş verib. Onların üzərində şəxsiyyətlərini təsdiq edən sənədlər, bank kartları və digər şəxsi məlumatlar aşkar edilib”, - deyə Zelenski “X” (əvvəlki adı “Twitter”) platformasında paylaşım edib.
Zelenski paylaşımına Asiya mənşəli bir şəxsin standart Rusiya kamuflyaj geyimində olduğu videonu da əlavə edib. Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi Rusiya sıralarında başqa Çin vətəndaşlarının da ola biləcəyi ilə bağlı məlumata malikdir. Zelenski məsələ ilə bağlı yekun qərara gəlməkdə tələsmədiklərini, hazırda Ukrayna kəşfiyyatının və digər aidiyyəti qurumların araşdırma apardığını qeyd edib.
“Hazırda bütün faktlar yoxlanılır – kəşfiyyat, Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin müvafiq bölmələri bunun üzərində işləyir. Mən xarici işlər nazirinə Pekinlə təcili əlaqə saxlayaraq, bu məsələyə Çin tərəfinin necə cavab verəcəyini aydınlaşdırmaq göstərişi verdim”, - deyə Zelenski bildirib.
Əsir götürülən iki şəxs hazırda Ukraynanın nəzarətindədir və onların kəşfiyyat üzrə dindirilməsi davam edir.
Rusiya uzun müddətdir xarici döyüşçülərdən istifadə edir
Bir məsələ dəqiqdir: Rusiya Silahlı Qüvvələrinin say üstünlüyünü qorumaq üçün uzun müddətdir xarici vətəndaşlar və muzdlu döyüşçülərdən istifadə etdiyi məlumdur. Müxtəlif Afrika, Ərəb ölkələri və hətta Kuba vətəndaşları pula görə Ukraynada döyüşmək üçün Rusiyaya gəliblər. Bir çox hallarda bu şəxslər daha sonra əlavə xidmət müqavilələri imzalamağa məcbur edilir və bu müqavilələrdən yayınmaq olduqca çətin olur. Ukrayna Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusunun ümumi itkisi 920,000 nəfəri (ölən və yaralanan) keçib. Bununla yanaşı, minlərlə ağır texnika və silah da itirilib.
Rusiya sıralarındakı ən genişmiqyaslı xarici kontingent Şimali Koreyadan gəlib. 2024-cü ilin payızından bəri Pxenyan Kursk vilayətində təxminən 15,000 hərbçisini cəbhəyə göndərib və bu qüvvələr Ukraynanın avqust ayında həyata keçirdiyi gözlənilməz əks-hücum nəticəsində ələ keçirdiyi ərazilərin yenidən Rusiyanın nəzarətinə qayıtmasına kömək edib. Lakin ilk Şimali Koreya kontingenti qısa müddətdə çoxsaylı itkilər verib və nəticədə Rusiyanın hərbi rəhbərliyi onları döyüş xəttindən geri çəkərək istirahət və bərpa üçün göndərib. Daha sonra Şimali Koreya əlavə qüvvələr göndərərək bu əsgərləri əvəz edib və döyüşlərə yenidən qatılıb.
Çin vətəndaşlarının bu vaxtda ələ keçirilməsi – yəni Rusiya və Ukrayna arasında atəşkəsə dair dolayı danışıqların başlandığı dönəmdə – xüsusilə diqqət çəkicidir. Zelenski bu hadisəni Rusiyanın qüvvələrini azaltmadığının, əksinə artırmağa çalışdığının göstəricisi kimi təqdim edib.
“Rusiyanın Çini və digər ölkələri birbaşa və ya dolayı şəkildə Avropada gedən bu müharibəyə cəlb etməsi açıq bir siqnaldır: Putin müharibəni dayandırmaq deyil, onu davam etdirmək niyyətindədir. O, döyüşləri davam etdirməyin yollarını axtarır. Bu isə mütləq reaksiya tələb edir. ABŞ, Avropa və sülh istəyən bütün dünya ölkələri buna cavab verməlidirlər”, - deyə Zelenski qeyd edib.
Sevinc Əliyeva
Ordu.az