Suriyadakı İnkişaflar: İsrail və Koalisiya Qüvvələrindən Suriyada İntensiv Hərbi Fəaliyyət (İCMAL)

2025/04/1745059046.jpg
Oxunub: 839     16:36     19 Aprel 2025    
İsrail əl-Kuneytrədə Hərbi Hərəkətliliyini Davam Etdirir
Koalisiya Qüvvələri Əl-Ömər və Konikodan Əl-Şəddadiyə Avadanlıq Daşıyır
Rusiyanın Suriyadakı Hərbi və İqtisadi Strategiyası Dərinləşir
Qamışlıda Rus Hərbi Varlığı Davam Edir
GSS-nin Təhdidləri Komissiyanın Etibarlılığını Zədələyir
Derada Silah Toplama Əməliyyatları Güclənib
Kürdlər Suriyada Mərkəzsizləşdirməni Müdafiə Edir
ABŞ-dən Suriyaya 8 Şərtlik Sanksiya İstisnası Təklifi

İsrail əl-Kuneytrədə Hərbi Hərəkətliliyini Davam Etdirir

İsrail qüvvələri kəşfiyyat təyyarələrinin dəstəyi ilə əl-Kuneytrənin şimal kəndi Taranjaha ikinci gün ard-arda irəlilədi. Bu inkişaf sərhəd xəttində artan təhlükəsizlik gərginliyi fonunda baş verdi.

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) mənbələrinə görə, İsrail əsgərləri ağır zirehli vasitələrlə əl-Kuneytrənin cənubundakı əl-Həmidiyyə kəndində də əməliyyat keçirdi. Əməliyyat zamanı bəzi mülki evlər hədəf alınaraq basqın və axtarış fəaliyyəti həyata keçirildi.

Koalisiya Qüvvələri Əl-Ömər və Konikodan Əl-Şəddadiyə Avadanlıq Daşıyır

SOHR tərəfindən Deyr əz-Zor vilayətindən alınan məlumatlara görə, ABŞ rəhbərliyindəki Beynəlxalq Koalisiya Qüvvələri Əl-Ömər neft sahəsi və Koniko qaz sahəsindəki bazalarından Həsəkənin cənubundakı Əl-Şəddadi bölgəsinə hərbi və lojistik daşımaya başlayıb. Kiçik və havadan müdafiəsiz mövqelər müvəqqəti olaraq bağlanarkən, böyük bazalardakı müdafiə sistemləri gücləndirilir.

Helikopterlərin avtomobillə daşına bilməyən avadanlıqları daşıdığı müşahidə olunub. Əl-Ömər sahəsi Koalisiyanın Suriyadakı ən böyük bazası olmaq xüsusiyyətinə malikdir və burada çox sayda YPG üzvü yerləşdirilib.

Bu həftənin əvvəlində İsrail mediasının ABŞ-nin qarşıdakı aylarda Suriyadan tədricən geri çəkilməyə hazırlaşdığını iddia etməsinin ardından, “The New York Times” diqqət çəkən bir xəbər yayımladı. Xəbərə görə, ABŞ Şimali-Şərqi Suriyadakı yüzlərlə əsgərini geri çəkməyə başlayıb və YPG-nin nəzarətindəki bölgədə yerləşən səkkiz hərbi bazadan üçünü bağlayıb.

Cümə axşamı günü başlayan geri çəkilmə, Şimali-Şərqi Suriyada xidmət edən təxminən 2.000 ABŞ əsgərindən 600-nü əhatə edir. Bağlanan bazalar arasında MSS (Vəzifə Dəstək Sahəsi) “Green Village”, “MSS Euphrates” və Deyr əz-Zor yaxınlığında yerləşən daha kiçik bir baza yer alır. Bu bazaların nəzarəti hazırda YPG-yə təhvil veriləcək.

ABŞ rəsmiləri, qarşıdakı 60 gün ərzində ölkədəki qüvvələrdə əlavə bir azalma olub-olmayacağını qiymətləndirəcək. Ancaq sahədəki komandirlər, ən azı 500 ABŞ əsgərinin bölgədə qalmalı olduğunu Pentaqona bildiriblər.

ABŞ prezidenti Donald Tramp daha əvvəl ABŞ əsgərlərinin Suriyada qalmasına qarşı şübhələrini ifadə etmişdi. Hazırkı geri çəkilmə addımları quru qüvvələrinin bazalarının bağlanması və birləşdirilməsinə dair tövsiyələri istiqamətində həyata keçirilir. Proses Pentaqon və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təsdiqlənib.

Bəzi ABŞ rəsmiləri Tramp administrasiyasının Suriya siyasətini əhatəli şəkildə nəzərdən keçirməyə hazırlaşdığını və ABŞ-nin 2026-cı ilə qədər ölkədən tamamilə geri çəkilə biləcəyini ifadə edirlər.

Rusiyanın Suriyadakı Hərbi və İqtisadi Strategiyası Dərinləşir

Rusiya dövlət başçısı Vladimir Putin aprelin 17-də Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Sani ilə Moskvada bir araya gələrək Suriyadakı əməkdaşlığı müzakirə etdi. Görüşdə Suriyanın suverenliyi və ərazi bütövlüyü vurğulandı. Rusiyanın Suriya keçid hökuməti ilə davam edən görüşmələri isə Rusiya bazalarının gələcəyi üzərində cəmlənir.

Rusiya Suriyaya təşviq əsaslı iqtisadi dəstəklər təqdim edərək baza hüquqlarını genişləndirməyə çalışır. Fosfat mədənləri və neft sahələri kimi sahələrdə rus investisiya müqavilələrinin yenidən müzakirə edildiyi bildirilir.

Qamışlıda Rus Hərbi Varlığı Davam Edir

Suriya mediası Rusiyanın Hmeymim hava bazası, Tartus dəniz bazası və Qamışlıdakı köhnə helikopter bazasında varlığını davam etdirdiyini bildirir. 17 apreldə çəkilmiş bir videoda Qamışlı uçuş-enmə zolağında bir eus “An-72” təyyarəsinin və iki rus bayraqlı vasitənin görüntüləndiyi qeyd edilib.

YPG “komandiri” Mazlum Abdi Qamışlıdakı rus varlığının narahatedici olmadığını bildirib və Şam hökumətinin rus qüvvələrinin Suriyada qalmasına icazə verməyə açıq olduğunu söyləyib.

GSS-nin Təhdidləri Komissiyanın Etibarlılığını Zədələyir

Suriya hökuməti əleyhdarı sosial media hesablarına görə, Ümumi Təhlükəsizlik Xidmətinin (GSS) əməkdaşları 2025-ci ilin martında Latakiyə sahillərindəki qarşıdurmaları araşdıran komissiyaya yalan ifadə verilməsi yönündə xalqı təhdid edib. Əl-Muxtariyə kəndində ən azı 40 mülki şəxsin öldüyü hadisədə GSS-nin məsuliyyətini gizlətməyə yönəlik cəhdlər olduğu iddia edilir.

Komissiya 25 mart etibarilə Latakiyədəki sahə işlərini tamamladığını bildirib, ancaq daha sonra bölgəyə qayıdıb-qayıtmadığı bəlli deyil.

Derada Silah Toplama Əməliyyatları Güclənib

Ümumi Təhlükəsizlik Xidmətinin (GSS) qüvvələri, aprelin 17-də Dera vilayətinin Maaraba bölgəsində geniş miqyaslı silah toplama əməliyyatı keçirdi. Məsciddən edilən çağırışlarla xalqdan silahlarını təhvil vermələri istənildi. Əməliyyatlar, xüsusilə aprelin 13-də Səkkizinci Briqadanın ləğvindən sonra intensivləşib.

Suriya-İordaniya Münasibətlərində Yeni Dövr

Suriya Xarici İşlər naziri Əsəd əl-Şaibani ilə iordaniyalı həmkarı Ayman Safadi aprelin 17-də Şamda bir araya gəldi. Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik kimi mövzularda yeni əməkdaşlıq şurasının qurulmasına qərar verdilər. Görüşdə, İŞİD və sərhəd xəttindəki qaçaqmalçılıqla mübarizə də gündəmə gəldi.

Kürdlər Suriyada Mərkəzsizləşdirməni Müdafiə Edir

AANES və Suriya Demokratik Şurası üzvləri Türkiyənin federalizmə qarşı mövqeyinə baxmayaraq, Suriyada mərkəzsiz idarəetmə sistemini müdafiə etməyə davam edir. İlham Əhməd AANES-in Türkiyə ilə də görüşmələr apardığını və bu görüşmələrin Şamla əlaqələrə təsir edə biləcəyini söylədi.

ABŞ-dən Suriyaya 8 Şərtlik Sanksiya İstisnası Təklifi

“Washington Post”a görə, ABŞ-nin Suriya keçid hökumətinə təqdim etdiyi səkkiz maddəlik etimad artırıcı şərtlər arasında aşağıdakılar yer alır:

• Bütün Fələstinli milislərin Suriyadakı fəaliyyətlərinin dayandırılması
• ABŞ vətəndaşı Ostin Taysın tapılması
• Xarici döyüşçülərin yüksək vəzifələrə təyinatının qarşısının alınması
• Kimyəvi silahların məhv edilməsi
• Terrorla mübarizədə əməkdaşlıq


ABŞ bu şərtlər yerinə yetirildiyi təqdirdə mövcud sanksiya istisnasını iki il uzatmağı dəyərləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail   Koalisiya  


Bizi "telegram"da izləyin